Təbrizdə Bağırxanın dəfn olunduğu Tubaiyyə Bağının acınacaqlı vəziyyətdə olduğu bildirilir
03.12.2024

Təbrizdə yerləşən Tubaiyyə Bağı, yaxud Azərbaycan Məfaxir Parkı kimi tanınan tarixi məkan, baxımsızlıq və laqeydlik səbəbindən ciddi zərər görür. Şəhərin mədəni və ictimai fəalları sosial mediada parkın hazırkı durumu ilə bağlı görüntülər və hesabatlar yayımlayıblar.

Məlumata görə, uzun müddətdir ictimaiyyət üçün bağlı olan bu parkda Azərbaycanın tanınmış şəxsiyyətlərinin məzarlarının yerləşdiyi bölməsi daxil olmaqla bir sıra tarixi və mədəni dəyərlər məhv olmaq təhlükəsi ilə üzləşib. Xüsusilə ustad Sabir Baqqal Əsğərinin yaratdığı mozaik daş tabloların zədələnməsi, bəzi tabloların itməsi, tarixi şəxsiyyətlərin büstlərinin dağıdılması və məlumat lövhələrinin aradan qaldırılması qeyd olunur.

Bundan əlavə, park ərazisində qanunsuz tikinti işlərinin aparılması, eləcə də yaşıllıq sahələrinin məhv edilməsi vəziyyəti daha da pisləşdirib. 

Park həm də Məşrutə Hərəkatının görkəmli mübarizi Bağırxanın dəfn edildiyi yer kimi tarixi, mədəni və dini baxımdan xüsusi əhəmiyyətə malikdir. Tubaiyyə Bağı 2013-cü ildə Təbriz Bələdiyyəsi ilə Övqaf İdarəsi arasında əldə edilən razılaşmaya əsasən Övqaf İdarəsinin mülkiyyətində qalsa da, parkın yaşıllıq sahələrinin və sənət əsərlərinin qorunub saxlanılması bələdiyyənin məsuliyyətinə verilib. Lakin, iki qurum arasında davam edən anlaşılmazlıqlar və məsuliyyətsizlik parkın baxımsız vəziyyətə düşməsinə səbəb olub.

İctimai fəallar məsələ ilə bağlı Övqaf İdarəsi, Təbriz Bələdiyyəsi və digər aidiyyəti qurumlara müraciət edərək, parkın qorunması və mövcud vəziyyətdən xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər görməyi tələb edirlər.

Bu park 1930-cu ildə Hacı Rza Tuba tərəfindən vəqf edilib. Övqaf İdarəsi Hacı Rza Tubanın, Mirzə Fəttah Şəhidinin, Məhəmməd Naxçıvaninin və Bağırxanın dəfn olunduğu bu tarixi məkanın qorunması ilə bağlı heç bir öhdəliyi üzərinə götürmür.

Bundan əvvəl də Təbrizdə yerləşən tarixi Gülüstan Bağı da qeyri-standard tikinti işləri nəticəsində məhv olmaq təhlükəsi ilə üzləşmişdi. Təbrizdə tarixi abidə və mədəni irsin qorunmasına dövlət qurumlarının diqqətsizliyi şəhərin əsas problemlərindən birinə çevrilib. Bu laqeydlik nəticəsində şəhərin bir çox dəyərli tarixi əsərləri və abidələri məhv olub, Təbrizin mədəni irsi isə hələ də ciddi təhlükə altındadır.

visiontv.az