Kanada Baş naziri Castin Trudo Donald Trampla görüşündə ABŞ prezidenti seçilən Trampın Amerikanın əsas ticarət tərəfdaşının bütün məhsullarına tariflər tətbiq etmək təhdidindən vaz keçəcəyinə dair zəmanət almadan ölkəsinə geri qayıdıb.
Tramp danışıqları məhsuldar adlandırıb, amma tarif tətbit etmək vədindən geri çəkilmədiyinə işarə edib. Kanada isə onun narkotik və miqrant axını məsələsində ədalətsiz bir şəkildə Meksika ilə eyni kateqoriyaya salındığını bildirir.
Liderlər arasında cümə günü Trampın Floridadakı Mar-a-Laqo iqamətgahında tələsik təşkil olunan şam yeməyindən sonra Trudo “söhbətin əla keçdiyini” deyib. Tramp şənbə günü Truth Social postunda deyib ki, onlar “hər iki ölkənin həll etmək üçün birlikdə işləməsi tələb olunan bir çox vacib mövzuları” müzakirə ediblər.
Tramp əməkdaşlığa ehtiyacı olan məsələlər arasında fentanil və “qanunsuz immiqrasiya nəticəsində çox sayda insanın həyatına son qoyan Narkotik Böhranı”, “Amerika İşçilərinə təhlükə yaratmayan” ədalətli ticarət sövdələşmələrinin və ABŞ-ın şimaldakı müttəfiqi ilə ticarət kəsirinin olduğunu bildirib.
Tramp iddia edib ki, baş nazir ABŞ-a qonşuları vasitəsilə çatan Çindən gələn fentanilin səbəb olduğu amerikalı ailələrdəki “bu dəhşətli viranəliyə son qoymaq üçün bizimlə işləmək öhdəliyi götürüb.” O deyib ki, ABŞ, “artıq vətəndaşlarımız bu Narkotik Epidemiyası bəlasının qurbanına çevrilərkən, sakit oturmayacaq.”
Prezident seçilən Respublikaçı Tramp imzalayacağı ilk sərəncamlarından biri olaraq Kanada və Meksikadan ABŞ-a daxil olan bütün məhsullara 25% vergi tətbiq edəcəyini bildirib.
ABŞ-ın gömrük əməkdaşları ötən maliyyə ilində Kanada sərhədində 20 kiloqram, Meksika sərhədində isə 9570 kiloqram fentanil ələ keçiriblər. İmmiqrasiyaya gəldikdə isə ABŞ-ın Sərhəd Patrul Xidməti təkcə oktyabr ayında Meksika sərhədində 56 530 nəfəri həbs edib, Kanada sərhədində isə 2023-cü ilin oktyabrından 2024-cü ilin sentyabrına qədərki müddətdə 23 721 həbs edilib. Kanada rəsmiləri sərhəd təhlükəsizliyinə yeni sərmayələr qoymağa hazır olduqlarını bildirirlər.
Təfərrüatlarla tanış olan, amma ictimaiyyətə məlumat vermək səlahiyyəti olmayan rəsmi bildirib ki, Trudo Trampa onun ötən bazar ertəsi sosial mediada tariflərlə bağlı yazı paylaşmasından sonra zəng edib və onlar görüşməyə razılaşıblar. Rəsmi deyib ki, başqa ölkələr Kanada rəsmilərinə zəng edərək, görüşü necə təşkil etdiklərini öyrənməyə və məsləhət almağa çalışırlar.
Meksika prezidenti Klaudiya Şeynbaum cümə axşamı Trampla danışdıqdan sonra ABŞ ilə tarif müharibəsinin qarşısının alınacağına əmin olduğunu bildirib.
Tramp üç saat davam etdiyi deyilən şam yeməyində Trudo ilə həmçinin enerji, ticarət və Arktika regionunu müzakirə etdiklərini bildirib. Bir başqa rəsmi müzakirə olunan məsələlər arasında müdafiə, Ukrayna, NATO, Çin, Yaxın Şərq, boru kəmərləri və Yeddilər Qrupunun növbəti il Kanadada keçiriləcək toplantısının olduğunu bildirib.
Trudonun ofisi açıqlamasında bildirib ki, liderlər “əməkdaşlıq və əlaqələrimizin gücləndirilməsi” mövzusuna yönəlmiş “məhsuldar və geniş müzakirələr” aparıblar. O əlavə edib ki, “ABŞ Kanadanın ən yaxın dostu və müttəfiqi kimi bizim əsas tərəfdaşımızdır və biz kanadalılar və amerikalıların maraqları naminə birlikdə işləməyə sadiqik.”
Tramp ilk prezidentlik dövründə Trudonu bir dəfə “zəif” və “qeyri-səmimi” adlandırıb, amma Trudo 5 noyabr seçkisindən sonra Böyük Yeddilər ölkələri arasında Trampı ziyarət edən ilk liderdir.
“Tariflər Kanada üçün mühüm məsələdir və cəsarətli addım atmaq lazım idi. Ola bilsin ki, bu, risk idi, amma götürməyə dəyər bir risk idi,” Monrealda yerləşən MakGill Universitetinin siyasi elmlər üzrə professoru Daniel Beland bildirib.
Trudo cümə günü deyib ki, Tramp ərzaq məhsullarının qiymətini aşağı salacağına söz verdiyi üçün seçilib, amma indi Şahzadə Eduard adasından kartof da daxil olmaqla bütün növ məhsulların qiymətini 25 faiz artırmaqdan danışır.
“Anlamaq lazımdır ki, Donald Tramp bu cür bəyanatlar verəndə onları həyata keçirməyi planlaşdırır. Bununla bağlı heç bir sual yoxdur,” o deyib.
“Bizim məsuliyyətimiz onu vurğulmaqdır ki, o, təkcə Birləşmiş Ştatlarla çox yaxşı işləyən kanadalılara zərər verməyəcək, həm də Amerika vətəndaşları üçün qiymətləri artıracaq və Amerika sənayesinə və biznesinə zərər verəcək,” o bildirib.
visiontv.az