Gürcüstanda aksiya iştirakçılarının ölkənin əsas dəniz ticarət limanı olan Potiyə gedən yolu bağlaması regionda mühüm geosiyasi və iqtisadi nəticələr doğura bilər. Bu vəziyyət xüsusilə Çin-Avropa ticarət yollarının tənzimlənməsi baxımından diqqət çəkir.
Çin-Avropa ticarəti üçün Orta Dəhliz mühüm alternativ kimi çıxış edir. Bu dəhliz Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan üzərindən keçərək Avropaya uzanır. 2022-ci ildə Orta Dəhliz vasitəsilə 3,9 milyon ton yük daşınmış və bu rəqəm illik 20%-dən çox artımla yüksəlmişdir. Bu statistik göstəricilər dəhlizin regional və qlobal iqtisadiyyatda nə qədər strateji əhəmiyyətə malik olduğunu sübut edir.Potidə limanın bloklanması isə bu ticarət marşrutunda gecikmələr və əlavə logistika xərcləri yaradacaq.
ABŞ-ın Çin ilə iqtisadi və geosiyasi rəqabəti fonunda, bu cür ticarət yollarının ləngiməsi Vaşinqtonun maraqlarına uyğundur. Çin Bir Kəmər-Bir Yol təşəbbüsü ilə öz təsir dairəsini genişləndirməyə çalışarkən, ABŞ bu cür layihələrin qarşısını almaq və Avropa ilə Asiya arasında olan ticarət axınlarına təsir etməyə çalışır.
Gürcüstandakı hadisələr yerli səviyyədə etiraz aksiyası kimi görünsədə, onların geosiyasi və iqtisadi baxımdan daha geniş təsirləri olacaq. Gürcüstanın öz maraqlarını qoruyaraq balanslı siyasət yürütməsi vacibdir. Orta Dəhlizdə uzunmüddətli ləngimələr həm regional sabitliyə, həm də qlobal ticarət əlaqələrinə ciddi zərbə vura bilər.
Aqli Məmmədov
visiontv.az