1939-cu ildən “Sovet Ermənistanı” adı ilə nəşr edilən qəzetin ilk məsul redaktoru Qərbi Azərbaycanda ictimai xadim kimi tanınan Cəfər Vəlibəyov olub. O, qəzetin redaktoru vəzifəsinə ictimai əsaslarla təyin edilib. Redaktorlar bir qayda olaraq Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsi tərəfindən təyin olunurdu. 1939-cu ildən 1989-cu ilədək olan dövrdəki məsul redaktor, redaktor, redaktor əvəzi, redaktor müavini kimi təyinatlar barədə məlumatları yalnız bu mətbu orqanın səhifələrində tapmaq mümkündür. Qəzetin 1946-cı ildə çap olunan 36-cı nömrəsinədək redaktoru Cəfər Vəlibəyov, 37-58-ci nömrələrdə isə Yusif Abbasov redaktor müavini kimi fəaliyyət göstərib. Sonra C.Vəlibəyov 1940-cı il 59-65-ci nömrələrdə yenidən məsul redaktor olub.
1940-cı ildə qəzetin 66-69 və 211-242-ci nömrələrində redaktor vəzifəsinin redaktor müavini kimi Yusif Abbasova həvalə edildiyinə rast gəlirik. 1940-cı ildə cəmi 302 nömrəsi işıq üzü görən qəzetin səhifələrində məsul redaktor kimi Cəfər Vəlibəyovun adına müəyyən fasilələrlə 4 dəfə, Yusif Abbasovun redaktor müavini kimi adına 3 dəfə rast gəlinir. 1941-ci ildə 310 nömrəsi çap olunmuş qəzetin bütün nömrələrində məsul redaktor C.Vəlibəyov olub.
Bu faktlar filologiya üzrə fəlsəfə elmləri doktoru, Qərbi Azərbaycan İcmasının üzvü Cəlal Allahverdiyevin “Sovet Ermənistanı” qəzetinin redaktorları” adlı araşdırmasında yer alıb. AZƏRTAC həmin araşdırmanı təqdim edir.
1942-ci ilin 11 iyun tarixli 136-cı nömrəsində qəzetin məsul redaktoru Salman Rəhimov olub. Onun redaktorluğu cəmi bir gün çəkib. 1942-ci ildə qəzetin cəmi 301 nömrəsi çap olunub. Həmin ilin 130-150, 158-190 və 236-301-ci nömrələrində Cəfər Vəlibəyov qəzetin məsul redaktoru, 151-157 və 191-231-ci nömrələrində qəzetin məsul redaktor əvəzi Salman Rəhimov, 232-235-ci nömrələrində isə Yusif Abbasov redaktor müavini kimi göstərilib. 1943 və 1945-ci il nömrələrini ardıcıl izlədikdə çox qısa müddətdə redaktor əvəzi kimi Əziz Nağıyevin və redaktor müavini kimi isə Məmməd Xəlilovun adlarına rast gəlinir.
Cəfər Vəlibəyov, eyni zamanda, 1939-cu il sentyabrın 26-dan 1945-ci il yanvarın 26-dək “Sovet Ermənistanı” qəzetinin redaktoru olub.
1945-ci il yanvarın 28-dən etibarən qəzetin məsul redaktor əvəzi Rəhim Allahverdiyev təyin edilib. 1946-cı il mart ayının 7-dək qəzetin məsul redaktor əvəzi vəzifəsində çalışan Rəhim Allahverdiyev 1946-cı ilin martın 8-dən etibarən qəzetin məsul redaktoru vəzifəsinə təyin edilir. O, 1947-ci ilin dekabr ayının 8-nə kimi qəzetin məsul redaktoru vəzifəsində çalışıb. 1945-ci ildə qəzetin 158, 1946-cı ildə 153, 1947-ci ildə 180 nömrəsi işıq üzü görüb. Həmin dövrlərdə çox qısa müddətdə qəzetə redaktor müavini kimi rəhbərlik etmiş Məmməd Xəlilov və Lətif Hüseynovun adlarına da rast gəlinir.
Rəhim Allahverdiyev 1948-ci il deportasiyası ilə əlaqədar olaraq qəzetin redaktoru vəzifəsindən uzaqlaşdırılaraq Azərbaycana köçməyə məcbur olub. Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin qərarına uyğun olaraq 1947-ci il dekabrın 19-dan ikinci dəfə qəzetin məsul redaktoru vəzifəsinə yenidən Cəfər Vəlibəyov təyin edilir. Ümumiyyətlə, C.Vəlibəyov bir neçə dəfə fasilələrlə qəzetin redaktoru təyin edilib. O, eyni zamanda ən məhsuldar qələm sahiblərindən biri idi və tez-tez müxtəlif səpkili mövzularla qəzetdə çıxış edirdi.
1948-ci ilin yanvarın 1-dən etibarən qəzetin redaktoru vəzifəsinə Rza Vəlibəyov təyin edilir. O, 1949-cu il iyulun 10-dək məsul redaktor vəzifəsində çalışıb. 1948-ci ildə qəzetin 13-27, 131-156, 71-82 və 123-124-cü nömrələrində qəzetin məsul redaktor müavini kimi Lətif Hüseynovun adı göstərilir.1948-ci ildə qəzetin 256, 1949-cu ildə isə 257 nömrəsi çap olunub. 12 iyul 1949-cu ildən Cəfər Vəlibəyov yenidən 4-cü dəfə qəzetin redaktoru vəzifəsinə təyin edilir. Əslində erməni şovinist dairələri qəzetdə tez-tez kadr dəyişikliyi həyata keçirməklə onlar üçün yaranmış əlverişli “tarixi” şəraitdən istifadə edərək Qərbi Azərbaycanda ana dilində yeganə mərkəzi mətbuat orqanı olan “Sovet Ermənistanı” qəzetinin ahəngdar fəaliyyətini əngəlləyərək, bununla da öz məkrli məqsədlərinə nail olmağa çalışırdılar. Bütün bunlara baxmayaraq, Qərbi Azərbaycanda ictimai, ədəbi-mədəni mühitin aparıcı nümayəndələrindən olan Cəfər və Rza Vəlibəyov qardaşlarının redaktorluğu dövründə “Sovet Ermənistanı” qəzeti bütün sahələrdə inkişaf etmiş, onların dirənişi sayəsində erməni şovinist dairələri bu mətbu orqana müəyyən qədər diqqət yetirməyə məcbur olmuşdular.
Qəzetin ən çətin dövrlərində onların hər ikisi onun bütün ağırlığını öz çiyinlərində daşımışdılar. “Zəngi” qəzetində müxbirlikdən başlamış, sonralar məsul redaktorluğa yüksəlmiş Cəfər və Rza Vəlibəyov qardaşlarını vaxtilə onlarla birlikdə çalışanlar bu gün də minnətdarlıqla xatırlayırlar. Araşdırmalar göstərir ki, qəzetin ən uzunömürlü məsul redaktoru Cəfər Vəlibəyov olub. Çox qısa fasilələrlə qəzetin məsul redaktoru vəzifəsi 22 dəfə redaktor müavini Əli Həsənova həvalə edilib. O, 1949-1960-cı ilədək “Sovet Ermənistanı” qəzeti redaksiyasında əvvəlcə partiya həyatı şöbəsinin müdiri, sonra isə redaktor müavini vəzifəsində işləyib.
Həmin illərdə redaktor müavini kimi üç dəfə Lətif Hüseynovun adına rast gəlinir. 1950-ci ildə qəzetin 264,1955-ci ildə 258, 1956-cı ildə 261, 1957-ci ildə 258, 1958-ci ildə 260, 1959-cu ildə isə 256 nömrəsi çap olunub.
1959-cu il dekabrın 30-da redaktor vəzifəsi qəzetin redaktor müavini kimi yenidən Əli Həsənova həvalə edilir. Əli Həsənov 8 iyul 1960-cı il 1-135-ci nömrələrdə qəzetin redaktor müavini, 28 avqust 1960-cı il 136-172-ci nömrələrdə isə redaktor əvəzi kimi göstərilir. 1960-cı il avqust ayının 30-dan etibarən isə qəzetin redaktoru vəzifəsinə Həbib Həsənov təyin olunur. O, 1973-cü ilin sonunadək bu vəzifədə çalışıb. Həmin dövrləri “Sovet Ermənistanı” qəzeti üçün uğurlu dönəm hesab etmək olar. Bu illərdə qəzetin tirajı 18-20 min nüsxəyə yüksəlmişdi, aktual mövzuları əhatə edən yazılar oxucuları daha çox cəlb edirdi.
Qəzetin 6-cı redaktoru 1974-cü ilin mart ayının 1-dən Məhərrəm Bayramov olub. Lakin onun redaktorluq dövrü çox böyük faciəvi sonluqla başa çatıb. O, 1981-ci ilin yanvar ayının 6-da İrəvanda “Polyak” ləqəbli erməni killer tərəfindən güllələnərək qətlə yetirilib. Bu qətl erməni şovinist dairələri tərəfindən əvvəlcədən planlı şəkildə hazırlanmış bir hadisə idi. Həmin hadisəni 1988-ci ilin sonu, 1989-cu ilin əvvəlində azərbaycanlıların kütləvi şəkildə köçürülməsi prosesinə hazırlığın ilkin başlanğıcı hesab etmək olar. Çünki belə bir böyük nüfuza sahib azərbaycanlı dövlət xadiminin qətlə yetirilməsi, onun ardınca 1983-cü ildə aprelin 24-də Zəngibasar hadisələrinin baş verməsi bunun təzahürüdür. Əvvəllər bolşevizm pərdəsi arxasında gizlənmiş erməni millətçiliyi bu hadisələrdən sonra Qərbi Azərbaycanda yaşayan soydaşlarımıza qarşı təzyiqlər özünü bütün sahələrdə açıq-aşkar qabarıq şəkildə göstərməyə başladı.
Qəzetin redaktoru vəzifəsi 1981-ci ilin yanvar ayının 8-dən etibarən redaktor müavini İsrafil Məmmədova həvalə edilib. O, bu vəzifəni 1981-ci ilin may ayının 26-na kimi yerinə yetirib.
1981-ci ilin may ayının 27-də “Sovet Ermənistanı” qəzetinin redaktoru Cahangir Əliyev təyin edilib. O, 1984-cü ilin dekabr ayının 11-nə kimi redaktor vəzifəsində çalışıb. Həmin illərdə qısa fasilələrlə redaktor vəzifəsi redaktor müavini i İsrafil Məmmədova həvalə edilib.
1985-ci ilin yanvarın 21-də qəzetin səkkizinci redaktoru Zərbəli Qurbanov təyin olunub. Qəzetin səhifələrində müxtəlif vaxtlarda bu mətbu orqanın redaktor müavinləri olmuş İsrafil Məmmədovun, Allahyar Rəhimovun çox qısa fasilələrlə redaktor vəzifəsini icra etdiyinə rast gəlmək mümkündür.
Zərbəli Qurbanov 1988-ci il dekabr 6-na kimi qəzetin redaktoru olub. 1988-ci ilin dekabrın ortalarından etibarən bu vəzifəyə 1977-ci ildən redaktor müavini kimi çalışan İsrafil Məmmədov təyin edilib. O, 1989-cu ilin əvvəllərinə qədər “Sovet Ermənistanı” qəzetinin redaktoru vəzifəsində çalışıb və qəzetin 9-cu – sonuncu redaktoru olub. 1988-1989-cu illərdə azərbaycanlı əhalinin öz tarixi torpaqlarından kütləvi şəkildə, zor gücünə son nəfərinədək qovulmasından sonra “Sovet Ermənistanı” qəzetinin də fəaliyyəti dayandırılıb.
1989-cu ilin əvvəllərinə qədər fəaliyyət göstərən, erməni şovinistlərinin əhatəsində son dərəcə gərgin, mübariz tarixi bir yol keçmiş, Azərbaycan milli mətbuatı tarixində parlaq bir səhifə təşkil etmiş “Sovet Ermənistanı” qəzeti siyasi təbliğatçılıq funksiyasından daha çox Qərbi Azərbaycanda xalqımızın milli maraqlarının ifadə olunmasına uğurla xidmət göstərib.
visiontv.az