Prezident istefa verir, amma kimə? İranin yeni lideri ortada yoxdur!
Gunaz TV-nin məlumatına görə, İranda hakimiyyət strukturunda böhranın dərinləşməsi fonunda prezident Məsud Pezeşkian istefasını rəsmi şəkildə Müctəba Xameneiyə təqdim etməyə çalışıb, lakin yayılan məlumatlara əsasən, yeni lider əlçatmaz olub və onunla əlaqə yaratmaq mümkün olmayıb.
İsrail mediasına istinadən bildirilir ki, Pezeşkian vəzifəsindən getmək üçün təcili görüş tələb edib. Ancaq Əli Xameneinin ölümündən sonra hakimiyyətə gələn Müctəba Xameneinin vəziyyəti qeyri-müəyyən olaraq qalır və hətta hakimiyyətin ən yaxın çevrələri belə onunla əlaqə saxlaya bilməyib.
Bu vəziyyət Tehranda hakimiyyətin yuxarı eşelonlarında boşluğun dərinləşdiyini və ciddi qarışıqlığın hökm sürdüyünü göstərir.
Eyni zamanda, Əli Laricaninin də daxil olduğu bir sıra əsas fiqurların aradan götürülməsi hakimiyyət daxilində gərginliyi artırıb və ittihamların hədəfi İnqilab Keşikçiləri Korpusu olub. Məlumatlara görə, təhlükəsizlik tədbirlərində zəiflik, hətta bilərəkdən boşluq buraxılması bu fiqurların aradan götürülməsində rol oynayıb.
Bununla yanaşı, bildirilir ki, yeni lider Müctəba Xamenei faktiki olaraq İnqilab Keşikçiləri Korpusunun nəzarəti altındadır və bu qurum hakimiyyəti tam ələ keçirmək, ənənəvi dini rəhbərlik strukturunu arxa plana itələmək üçün addımlar atır.
Bəzi təhlillər isə göstərir ki, siyasi və təhlükəsizlik dairələrində daxili hesablaşma prosesi gedir və bu, daha geniş miqyaslı kadr təmizləmələrinə səbəb ola bilər.
Belə bir şəraitdə liderin ortada olmaması və böhranın idarə olunmaması faktiki olaraq İnqilab Keşikçiləri Korpusuna daha geniş imkanlar yaradıb və bu da İrandakı siyasi sistemin tədricən dağılması əlamətlərini üzə çıxarır.
visiontv.az