Cənubi Koreya Qərargah Rəisləri Komitəsinin məlumatına görə, sonuncu buraxılışın uçuş məsafəsi və silahın növü barədə hələlik ətraflı məlumat yoxdur. Bundan əvvəl, çərşənbə axşamı günü də paytaxt Pxenyan yaxınlığından naməlum mərminin atıldığı qeydə alınmışdı. Hazırda Seul və ABŞ kəşfiyyat orqanları bu sınaqların təfərrüatlarını təhlil edir.
Həftənin əvvəlində Şimali Koreya lideri Kim Çen In silahlar üçün təkmilləşdirilmiş bərk yanacaqlı mühərrikin sınağını izlədiyini bildirmiş və bunu ölkənin strateji hərbi arsenalını gücləndirən mühüm hadisə adlandırmışdı. Bərk yanacaqlı raketləri maye yanacaqlı silahlardan fərqli olaraq hərəkət etdirmək və gizlətmək daha asandır, çünki onlar buraxılışdan dərhal əvvəl doldurulma tələb etmir. Bu sınaqlar Kim Çen Inın ABŞ və müttəfiqlərini hədəf alan, aşkarlanması çətin olan daha çevik raketlər əldə etmək məqsədinə xidmət edir.
Cənubi Koreya kəşfiyyatı bu mühərrik sınağının çoxsaylı nüvə başlığı daşıya bilən daha güclü bir raketin yaradılması səyləri ilə bağlı olduğunu ehtimal edir. Qeyd edək ki, Kim Çen In ilə ABŞ prezidenti Donald Tramp arasındakı yüksək səviyyəli diplomatiyanın 2019-cu ildə uğursuzluğa düçar olmasından bəri Pxenyan öz nüvə arsenalını genişləndirməyə davam edir. Fevral ayında keçirilən partiya qurultayında Kim Tramp ilə dialoq qapısını açıq qoysa da, Vaşinqtonu danışıqlar üçün ön şərt kimi irəli sürülən nüvəsizləşdirmə tələbindən imtina etməyə çağırıb.
Elçin Alıoğlu
visiontv.az