ABŞ Müdafiə Naziri Pit Heqset "Epic Fury" əməliyyatından sonrakı vəziyyət və İranla əldə olunan atəşkəs barədə strateji bəyanatlarla çıxış edib. Nazir vurğulayıb ki, ABŞ bölgəni tərk etmək niyyətində deyil və İranın öhdəliklərinə əməl etməsini təmin edəcək: "Biz buralarda olacağıq. Heç yerə getmirik. İranın bu atəşkəsə əməl etməsinə və nəticədə masaya oturub razılaşma əldə etməsinə əmin olacağıq".
Heqset İranın yeraltı zənginləşdirilmiş uran ehtiyatları ilə bağlı kifayət qədər sərt xəbərdarlıq edərək bildirib: "Onlar bunu ya Prezidentin müəyyən etdiyi kimi könüllü şəkildə bizə təslim edəcəklər, ya da biz onu özümüz götürəcəyik. Çıxarıb aparacağıq. Əgər özümüz nəsə etməli olsaq — necə ki, 'Midnight Hammer' əməliyyatında və ya bənzər bir şeydə etdik — bu variantı özümüzdə saxlayırıq".
Nazir Xark adasındakı hədəflərin vurulmasının bir siqnal olduğunu qeyd edərək, Tehranın artıq müdafiəsiz qaldığını vurğulayıb: "Onların rejimi qidalandırmaq üçün enerji istehsal etmək qabiliyyəti bizim əllərimizdə idi. Bu, Prezident Trampın əllərində idi. Məhz buna görə masaya gəldilər. Tramp açıq şəkildə bildirdi: biz hər şeyi sizdən ala bilərik. Sizin enerji ixrac etmək qabiliyyətiniz əlinizdən alına bilər və ABŞ ordusu bu hədəfləri cəzasız şəkildə vurmaq gücünə malikdir. Məhz bu cür təzyiq onları 'Yaxşı, biz bu sövdələşməni kəsmək istəyirik' dedikləri nöqtəyə gətirdi".
Atəşkəsin icrası zamanı yarana biləcək risklər barədə danışan Heqset əlavə edib: "İran uzaq nöqtələrdəki qoşunlarına bir daha kamikadze PUA-ları və ya raketlər atmamaq barədə mesaj göndərmək üçün bir yol tapsa, yaxşı olar. Çünki atəşkəslərin tam qüvvəyə minməsi bəzən vaxt aparır". O, həmçinin əminliklə qeyd edib ki, görülən heç bir tədbir tək bir amerikalı əsgərin belə həyatını daha böyük təhlükəyə atmayıb.
Bölgədəki müttəfiqlərin rolunu yüksək qiymətləndirən Heqset bildirib: "BƏƏ, Bəhreyn, Qətər, Səudiyyə Ərəbistanı və Küveyt — onların hamısı həm bizim, həm də öz obyektlərimizin və insanlarımızın müdafiəsində bizimlə çiyin-çiyinə döyüşüblər. Biz bunu qiymətləndiririk və bu koordinasiya, əlbəttə ki, davam edəcək". Sonda o, İran xalqı üçün yeni imkanların yarana biləcəyinə ümid etdiyini vurğulayıb: "İran xalqının bu fürsətdən yararlandığını görmək istərdim. Onlar əvvəlki rejim tərəfindən məzlum vəziyyətdə qalıblar. Bu əməliyyatda məqsədimiz bu olmasa da, indi yeni bir imkanları ola bilər".
Elçin Alıoğlu
visiontv.az