Rusiyada xəstəxanalar tamamilə hərbi ehtiyaclara uyğunlaşdırılır
16.09.2026

Rusiya 2026-cı ilin payızında hərbçilərin müalicəsi üçün mülki xəstəxanalarda əlavə 16-20 min çarpayını istifadəyə verməyi planlaşdırır və onların böyük hissəsi Baltikyanı ölkələrə yaxın regionlarda yerləşir.

Məlumata görə, bu rəqəm 2021-2026-cı illərdə Rusiyanın hərbi tibb müəssisələrində çarpayı sayındakı təxminən 6,3 minlik artımdan 2,5-3,2 dəfə çoxdur.

2026-cı ildə Rusiyada altı yeni hərbi hospitalın açılması planlaşdırılmışdı - dördü ölkənin Avropa hissəsində, ikisi Uzaq Şərqdə. Onların hamısının tikintisi başa çatıb, beşi artıq fəaliyyət göstərir.

Bununla belə, ixtisaslaşmış hərbi hospitalların 2023-cü ildən bəri yaralı axınının öhdəsindən gələ bilmədiyi bildirilir. Buna görə Rusiya Müdafiə Nazirliyi mülki xəstəxanalardan, o cümlədən doğum evləri və ixtisaslaşmış tibb müəssisələrindən getdikcə daha çox istifadə edir.

Bəzi xəstəxanalar tamamilə hərbi ehtiyaclara uyğunlaşdırılır. Digərlərində isə bir neçə şöbə yaralı hərbçilərə ayrılır, qalan hissələr mülki xəstələri qəbul etməyə davam edir.

Payızda əlavə çarpayıların əsasən Kareliya, Sankt-Peterburq, Leninqrad və Novqorod vilayətlərində, həmçinin Moskva və Smolensk vilayətlərində ayrılması planlaşdırılır.

Mənbələrdən biri regionların seçilməsini ilk növbədə onların tibbi imkanları ilə əlaqələndirib. Sankt-Peterburq Rusiyanın əsas hərbi tibb mərkəzi hesab olunur, şəhərin mülki səhiyyə infrastrukturu isə ölkədə Moskvadan sonra ən inkişaf etmiş sistemlərdən biridir. Ukrayna ilə həmsərhəd regionların və Şimali Qafqazdakı iri tibb mərkəzlərinin artıq yaralılarla yükləndiyi bildirilir.

Lakin digər mənbələr hesab edirlər ki, məsələ yalnız tibbi infrastrukturla bağlı deyil. Onların fikrincə, seçilmiş regionların coğrafi mövqeyi də diqqət çəkir.

Mənbələrdən biri qeyd edib ki, yaralılar adətən döyüş zonasına ən yaxın və əlçatan xəstəxanalara çatdırılır. Buna görə əlavə hərbi tibbi imkanların məhz qərb və şimal-qərb regionlarında yaradılması mümkün döyüş istiqamətləri ilə bağlı suallar doğurur.

Digər rusiyalı hərbçinin sözlərinə görə, hərbçilərin müalicəsinə dair məlumatlar Rusiyada 2014-cü ildən maksimum dərəcədə məxfiləşdirilir, çünki belə məlumatlar dövlətin gələcək planlarını qiymətləndirməyə imkan verə bilər. O hesab edir ki, qərb regionlarındakı xəstəxanaların hərbi ehtiyaclara uyğunlaşdırılması yeni istiqamətdə mümkün döyüşlərə hazırlığın siqnalı ola bilər.

2021-ci ildə Rusiyada hərbçilər üçün 431 tibb müəssisəsi fəaliyyət göstərirdi və onların ümumi tutumu 52 mindən çox çarpayı idi. 2026-cı ildə hərbi tibb müəssisələrində bu göstərici ən azı 58,3 minə çatıb, lakin mövcud imkanların yenə də kifayət etmədiyi bildirilir.

Məsələn, Sankt-Peterburqdakı S.M.Kirov adına Hərbi Tibb Akademiyasının 40 nəfərlik şöbələrindən birində eyni vaxtda 86-dək xəstənin yerləşdirildiyi iddia olunur. Yer çatışmazlığı səbəbindən dəhlizlərə əlavə çarpayılar qoyulduğu, palatalarda isə çarpayıların əvəzinə döşəklərdən istifadə edildiyi bildirilir.

Hərbi tibbi infrastrukturun belə miqyasda genişləndirilməsi döyüşlərin intensivliyinin arta biləcəyinin və mümkün səfərbərlik hazırlığının dolayı göstəricilərindən biri hesab olunur. 2022-ci ildə Ukraynaya genişmiqyaslı hücumdan əvvəl də Rusiya qüvvələrinin səhra hospitalları yerləşdirməsi və qan ehtiyatları yaratması müşahidə edilmişdi.

Eçin Alıoğlu

visiontv.az