"İnsan qaçaqçıları" qeyri-qanuni miqrantları Böyük Britaniyadan əcnəbilərin leqallaşdırılması proqramının fəaliyyət göstərdiyi İspaniyaya yönləndirməyə başlayıblar.
Visiontv.az xəbər verir ki, bu məlumatı "The Telegraph" nəşri yayıb.
Bildirilir ki, daşıyıcılar miqrantları yük maşınlarında gizlədərək Böyük Britaniyadan Fransaya aparır, sonra onları bərələr və ya qatarlarla La-Manş boğazından keçirirlər. Bundan sonra qeyri-qanuni miqrantlar mövcud immiqrasiya amnistiyasından yararlanmaq mıqsədilə İspaniyaya çatdırılırlar.
Nəşrin yazdığına görə, miqrantlar bu marşrut üçün qaçaqçılara min funt sterlinqə qədər (1 350 dollar) ödəyirlər. İspaniya ərazisinə taksi vasitəsilə transfer isə əlavə olaraq təqribən 500 funta başa gəlir.
Miqrantların leqallaşdırması proqramı İspaniya hökumətinin 2026-cı ilin aprelində təsdiqlədiyi miqrasiya qanunvericiliyinin islahatından sonra başladılıb. Bu proqram Yaxın Şərq və Afrika ölkələrindən gələn yüz minlərlə qeyri-qanuni miqrantın qanuni status əldə etməsinə şərait yarada bilər.
Bütün bunların fonunda iyul ayının sonlarında İspaniyanın Mərakeşlə sərhədində yerləşən Seuta şəhəri kütləvi miqrant axını ilə üzləşib. Şəhər meri Xuan Xesus Vivasın bildirdiyinə görə, bir sutka ərzində əraziyə 60 minə yaxın şəxs daxil olub. Vəziyyətə nəzarəti gücləndirmək üçün hökumət orqanları regiona polis, mülki qvardiya və silahlı qüvvələrin əlavə bölmələrini cəlb edib.
visiontv.az