Dövlət Yanğından Mühafizə Xidməti Sumqayıtda zavodda yanğın-taktiki təlim keçirib
03.08.2026

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə Sumqayıt şəhəri ərazisində yerləşən SOCAR-ın “Azərkimya” İstehsalat Birliyinin “Etilen-polietilen” zavodunda yanğınların söndürülməsi mövzusunda yanğın-taktiki təlim keçirilib.

FHN-dən  verilən xəbərə görə, təlimin keçirilməsində əsas məqsəd bu kimi obyektlərdə yanğın baş verdikdə əraziyə cəlb olunan yanğından mühafizə bölmələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi və mümkün yanğınların söndürülməsi, həmçinin, xilasetmə işlərinin təşkili üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.

Təlim zamanı şərti yanğınla əlaqədar “Həyəcan” siqnalı verildikdən sonra yanğından mühafizə və xilasetmə bölmələri “hadisə yerinə” operativ qaydada çataraq, “yanğınla mübarizə” tədbirlərinə başlayıblar. Şərti yanğın baş vermiş ərazidə təxliyə planına uyğun olaraq işçilərin təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, şərti xəsarət almış şəxslərə “ilkin yardım göstərilib” və “yanğın qısa müddətdə söndürülüb”.

Təlimə Dövlət Yanğından Mühafizə Xidməti, Sumqayıt Regional Mərkəzi və Təcili və Təxirəsalınmaz Tibbi Yardım Məntəqəsinin ümumilikdə 9 ədəd texnika və 40 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub

Uğurla keçirilən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

visiontv.az