Urmu türklərinin molla rejiminə son etirazından sonra hazırda İranın hakim elitasında iki fərqli tendensiya müşahidə olunur.
İlk növbədə İranın ali dini lideri ayətullah Xameneinin və SEPAH-ın mövqeyi qeyd olunmalıdır.
Belə ki, SEPAH Xameneinin "xeyir-dua"sı əsasında Urmuda repressiyalara başlayıb. Artıq ilk həbslər də aparılıb.
Martın 24-də Urmu şəhərində Milad Muxtari, Cavad Vəlizadə, Əmir İbrahimlu və Soheyl Dəiyri adlı milli fəallar həbs edilib. Onlar martın 22-də Urmiyada kürdlərin Qərbi Azərbaycan əyalətinə və Urmu şəhərinə torpaq iddialarına qarşı keçirilən etiraz aksiyasına görə saxlanılıb.
SEPAH-ın Qərbi Azərbaycan əyalətindəki təhlükəsizlik və kəşfiyyat bölməsinin yaydığı bəyanatdan açıq görünür ki, molla rejimi Urmiyadakı etiraz aksiyasında milli şüarlar səsləndirən Azərbaycan türklərinin sərt şəkildə cəzalandırılmasını planlaşdırır.
SEPAH həmin azərbaycanlıları "irqçi şüarlar səsləndirərək İran xalqları arasında fitnə salan şəxslər" kimi təqdim edir. Hal bu ki, molla rejimi Urmiyada kürd separatizmini özü qızışdırıb. Güney Azərbaycan türkləri ilə kürdləri molla rejimi qəsdən qarşıdurmaya sürükləyir. Sonra da azərbaycanlıları "irqçi şüarlar səsləndirməkdə" və “İslam inqilabına qarşı sui-qəsd"də ittiham edərək misli görünməmiş həyasızlığa yol verir.
Beləliklə, Tehran rejimi Urmiyanın qeyrətli, mərd camaatını 22 mart mitinqinə görə cəzalandırmaq üçün bütün alçaq vasitələri işə salacaq. Güneyli soydaşlarımız mollaların bütün məkrli planlarına hazır olmalıdırlar.
Bu prosesdə geri dönüş yoxdur. Çünki martın 22-dəki yürüşdən sonra, necə deyərlər, artıq ox yaydan çıxıb.
Bundan sonra molla rejimi güneyliləri daha amansız şəkildə əzməyə davam edəcək. Güneylilərin də bu durumda yeganə çıxış yolu molla rejimi ilə sonuna qədər mübarizə aparmaqdır.
Urmu yürüşündən sonra geri çəkilmək və ənənəvi, gündəlik sosial-iqtisadi qayğılarının dalınca düşmək Güney azərbaycanlılar üçün ölümə bərabər olar.
Çox güman ki, bu acı həqiqəti İranın Azərbaycan əsilli prezidenti Məsud Pezeşkian da bütün gerçəkliyi ilə dərk edir. Ona görə də Pezeşkianın bugünlərdə Urmiya gölünə səfər etməsi və gölün qurumasına qarşı təcili tədbirlər görülməsinin vacibliyini gündəmə gətirməsini yumşaq formada da olsa Urmiya azərbaycanlılarına dəstək kimi də qiymətləndirmək olar.
Bu da onu təxmin etməyə əsas verir ki, molla rejiminin azərbaycanlılara qarşı represiyyaları gücləndirəcəyi təqdirdə, Pezeşkian bu repressiyalara qarşı seyrçi münasibət sərgiləməyəcək. Kritik məqamda Pezeşkianın prezidentlik postunu tərk edib, öz xalqının - Güney Azərbaycan türklərinin müdafiəsinə qalxacağını ehtimal etmək olar.
Pezeşkian özündə güc tapıb bu addımı atarsa, Güney Azərbaycanda tarixin gedişatını dəyişməklə yanaşı, həm də regionda tamamilə yeni geosiyasi reallıqların yaranmasına gətirib çıxarar.
Bəybala Mirzəyev
visiontv.az