PCR testi pandemiya dövründən hamımıza tanışdır. Bəs bilirdinizmi ki, bu üsulla aldığımız ətin hansı heyvana aid olduğunu da müəyyən etmək mümkündür?
Polimeraza zəncir reaksiyası (PCR) zamanı polimeraza fermentinin köməyi ilə laboratoriya şəraitində nümunədəki DNT-nin əvvəlcədən müəyyən edilmiş genetik ardıcıllığı milyonlarla dəfə çoxaldılır. Bunun üçün həmin ardıcıllığa uyğun xüsusi başlanğıc molekullarından yəni praymerlərdən istifadə olunur.
Əgər axtarılan genetik ardıcıllıq nümunədə mövcuddursa, PCR vasitəsilə onu aşkar etmək mümkündür. Bu, malın, donuzun, atın, hətta eşşəyin DNT-si də ola bilər.
Bu məqsədlə hazırlanmış testlər olduqca həssasdır. Bəzi PCR metodları qida məhsulunda başqa heyvan növünə aid cəmi 0,1% miqdarında qarışığı belə aşkar edə bilir.
Qeyd edim ki, 0,1% həddi bəzi ölkələrdə və müəyyən qida məhsullarında təsadüfi, texniki cəhətdən qaçılmaz qarışıqların qiymətləndirilməsi üçün istifadə olunur. Lakin bu, bütün dünyada tətbiq edilən universal etiketləmə norması deyil.
Yəni aldığınız ətin hansı heyvana aid olduğunu müəyyən etmək üçün qəssabın sözünə inanmaq məcburiyyətində deyilsiniz. Çünki eşşəyin də DNT-si olur!
visiontv.az