Emmanuel Makronun 7 illik prezidentliyinin yekun hesabatı
22.10.2026

Fransada baş verənlər, yanan maşınlar, sındırılan vitrinlər, dağıdılan mağazalar səbəb deyil, nəticədir. Səbəb əslində Yelisey sarayındadır. Bu gün Parisdə gördüyümüz mənzərə Emmanuel Makronun 7 illik prezidentliyinin yekun hesabatıdır.

Dərin sosial narazılıq, siyasi parçalanma və dövlətə etimadın çökməsi, bu gün Fransanın düşdüyü vəziyyətin tablosudur. Hazırda fransızlar sadəcə etiraz etmir, Fransanın idarə olunmadığını göstərir. Və bu etirtazlar birdən-birə yaranmadı. Xronologiyaya baxın. 2018-ci ildə Sarı jiletlilərin aksiyası. Makron yanacaq vergisini qəfldən artırdı və Fransa ayağa qalxdı. 2019-2020 – ci illər. Pensiya islahatına qarşı kütləvi etirazları baş verdi. 2023 -cü il. Pensiya yaşının 62-dən 64-ə qaldırılması və Konstitusiyanın 49.3 maddəsi ilə parlamentdən yan keçərək zorla qəbul edilməsi milyonları küçələrə tökdü. Və nəhayət 2026-cı il. Yenə eyni mənzərə, amma bu dəfə daha sərt, daha aqressiv. Bu, dalğavari narazılıq deyil, getdikcə dərinləşən uçurumdur. Hakimiyyətin qərarları ilə cəmiyyətin gözləntiləri arasında körpü yoxdur. Makron iqtisadi islahat adı altında orta təbəqəni əzir, sosial dövlət modelini dağıdır. Fransız isə deyir ki, mən daha az qazanıram, daha çox ödəyirəm, daha gec təqaüdə çıxıram. Belə bir vəziyyətdə normal dövlət nə edər? Sosial narazılıq yarananda dialoqa gedər, həmkarlar ittifaqlarını dinləyər, kompromis axtarar. Makron isə tam tərsini edir. O gözünü yumub qərar verir, sonra onu islahat, cəsarət, məsuliyyət adı ilə cəmiyyətə sırımağa çalışır. Razılaşmayan hər kəsi isə tənbəl, radikal, respublika düşməni adlandırır. Nəticədə həll olunmalı olan iqtisadi məsələlər bir anda Makron getsin siyasi savaşına çevrilir. Bu gün Fransada solçular da, sağçılar da, mərkəzdəkilər də eyni adamdan Makrondan narazıdır. Bu, Fransada görünməmiş siyasi parçalanmadır. Makron hamını özünə qarşı birləşdirməyi bacaran yeganə şəxsdir. Onu nə parlamentdə mütləq çoxluq dəstəkləyir, nə küçədə legitimliyi var, nə də həmkarlar ittifaqlarından dəstəyi yoxdur. Dövlət institutlarına etimad tarixin ən aşağı səviyyəsindədir. Fransız artıq nə prezidentə, nə deputata, nə də polisə inanmır. Əslində isə Fransa V Respublikası güclü prezident modelinin üzərində qurulub. Bu model o vaxt işləyir ki, prezident cəmiyyəti arxasınca apara bilsin. De Qoll, Miterran, Jak Şirak, hətta Nikol Sarkozi belə aparırdı. Amma Makron apara bilmir. O, yuxarıdan aşağı mən bilirəm, siz susun modeli ilə idarə edir. Bu model isə yalnız Parisin prestijli rayonlarında işləyə bilər, amma Lionun, Marselin, Tuluzanın kasıb məhəllələrində işləmir. Ona görə də bu gün 500 min insan küçəyə çıxanda, bu artıq sadəcə etiraz deyil, bu, idarəçilik böhranıdır. Makron dövləti idarə etmir, dövlət Makronun yaratdığı böhranları idarə etməyə çalışır. Yanan maşınları söndürmək asandır. Çatlayan cəmiyyəti birləşdirmək isə çətindir. Fransanın problemi də məhz elə budur.

Şöhrət El-Dəniz

visiontv.az