Laos AQEM-ə üzv qəbul edilib
14.10.2026

Bakıda Laos Xalq Demokratik Respublikasının Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) üzvlüyü ilə əlaqədar imzalanma mərasimi keçirilib.

Bu barədə  Azərbaycan  Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, mərasimdə  Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Laosun Baş nazirinin müavini, xarici işlər naziri Thonqsavan Fomvihan, AQEM baş katibi Kairat Sarıbay və  AQEM-in təsisedici sənədlərinin depozitarisi qismində Qazaxıstan Xarici İşlər Nazirliyinin nümayəndəsi iştirak edib.

Mərasim zamanı Laosun Baş nazirinin müavini, xarici işlər naziri Thonqsavan Fomvihan  AQEM-in əsas təsisedici sənədləri olan Üzv dövlətlər arasında münasibətləri tənzimləyən prinsiplər haqqında 14 sentyabr 1999-cu il tarixli Bəyannaməni və 4 iyun 2022-ci il tarixli Almatı  Aktını imzalayıb.

Tədbirdə  Azərbaycan xarici işlər naziri, Laos xarici işlər naziri və  AQEM baş katibi çıxış edərək, bu qərarın  AQEM üçün əhəmiyyətini vurğulayıblar, bu münasibətilə Laosu təbrik edərək, gələcək üzvlüklə bağlı xoş sözlərini ifadə ediblər.

Laosun üzvlüyü barədə yekun qərarın  AQEM-in 15 oktyabr tarixində Bakıda baş tutacaq Yeddinci Zirvə Görüşündə təsdiqlənməsi nəzərdə tutulur. Bununla, AQEM üzv dövlətlərinin sayı 29-a çatacaq.

visiontv.az