Səudiyyə Ərəbistanının “Əl-Hədəs” televiziya kanalı İsrailin təhlükəsizlik rəsmisinə istinadən xəbər verib ki, İran İslam Respublikasının yeni lideri kimi təqdim edilən Müctəba Xamenei hazırda İranda deyil və ölkə daxilində baş verən proseslərlə əlaqəsi kəsilib.
Mənbənin iddiasına görə, son vaxtlar Müctəba Xameneinin adı ilə yayımlanan mesaj və bəyanatlar əslində Əhməd Vahidi və SEPAH-ın bir qrup yüksək rütbəli komandiri tərəfindən hazırlanır. Məqsəd isə hakimiyyətin yuxarı eşelonunda idarəetmənin davam etdiyi görüntüsünü yaratmaqdır.
Həmin israilli rəsmi həmçinin iddia edib ki, İran İslam Respublikası Təl-Əvivin mərkəzində bir sıra yüksək vəzifəli İsrail rəsmilərinə qarşı mürəkkəb sui-qəsd əməliyyatı planlaşdırıb və həyata keçirməyə başlayıb. Onun sözlərinə görə, bu plan Əli Xameneinin öldürülməsinə birbaşa cavab olaraq nəzərdə tutulmuşdu.
Eyni məlumata əsasən, ABŞ İsraildən xahiş edib ki, İranın hücumu baş versə belə, İrana qarşı hücum əməliyyatlarında iştirak etməsin.
Mənbə əlavə olaraq iddia edib ki, İran hakimiyyəti daxilində fikir ayrılıqları dərinləşib və bu vəziyyət SEPAH-ın mövcudluğunu təhlükə altına qoyur.
visiontv.az