Bu fonda bəzi iranlı analitiklər hesab edirlər ki, İran ABŞ hərbi bazalarını hədəfə almaqdansa, region ölkələrinin neft infrastrukturlarını vurmalıdır. Onların fikrincə, belə bir addım qlobal neft təchizatını pozacaq, qiymətləri kəskin artıracaq və ABŞ ilə onun müttəfiqləri üçün müharibənin iqtisadi və siyasi dəyərini əhəmiyyətli dərəcədə yüksəldəcək.
Bu yanaşmanın tərəfdarları iddia edirlər ki, hərbi bazalara zərbə yalnız simvolik təsir göstərə bilər, lakin neft infrastrukturlarına hücum dünya enerji bazarında ciddi şok yaradacaq. Onların hesablamasına görə, nəticədə Vaşinqton ya müharibəni genişləndirməkdən imtina etməli, ya da yüksələn enerji qiymətlərinin yaratdığı iqtisadi nəticələri qəbul etməli olacaq.
İlk baxışdan bu arqument çəkindirici məntiqə əsaslanır: neft ixracının mühüm hissəsini təmin edən region ölkələrinə ciddi sarsıntılar yaradır, bu isə beynəlxalq bazarlarda neftin qiymətinin dərhal artmasına səbəb ola bilər.
Amma bu yanaşma bir neçə mühüm məsələni gözardı edir.
Əvvəla, bu strategiya ABŞ-ın qərarlarının əsasən iqtisadi amillərlə müəyyənləşəcəyini fərz edir. Halbuki tarix göstərir ki, dövlətlər milli təhlükəsizlik və strateji məqsədlərini risk altında gördükləri zaman yüksək iqtisadi xərcləri qəbul edə bilirlər. Buna görə də neft qiymətlərinin artması mütləq şəkildə hərbi qərarların dəyişəcəyinə zəmanət vermir.
İkinci məsələ müharibənin genişlənməsi riskidir. Region ölkələrinin neft obyektlərinin hədəfə alınması həmin dövlətləri birbaşa münaqişəyə cəlb edə və daha geniş koalisiyaların formalaşmasına səbəb ola bilər. Bu isə qarşıdurmanın coğrafiyasını və miqyasını daha da böyüdə bilər.
Üçüncü məqam qarşılıqlı həssaslıqdır. Enerji infrastrukturlarına qarşı genişmiqyaslı hücumlar yalnız bir tərəfə deyil, bütün regionun iqtisadiyyatına, dəniz nəqliyyatına, enerji ixracına və beynəlxalq ticarətə ciddi zərər vura bilər. Belə şəraitdə heç bir tərəfin daha az itki verəcəyinə dair təminat yoxdur.
Dördüncü məqam isə qlobal neft bazarının əvvəlki dövrlərlə müqayisədə daha çevik olmasıdır. Strateji ehtiyatlar, alternativ istehsalçılar və bazarın uyğunlaşma qabiliyyəti ilkin qiymət şokunu müəyyən qədər yumşalda bilər. Buna görə də qiymət artımının uzunmüddətli siyasi nəticə verəcəyi əvvəlcədən məlum deyil.
Nəticə etibarilə, irançı təhlilçilərin bu strategiyasının yalnışlığı ondan ibarətdir ki, onlar düşünürlər ki, neft qiymətləri böyük dövlətlərin davranışını müəyyən edən əsas amildi. Halbuki müharibə şəraitində qərarlar təhlükəsizlik, hərbi məqsədlər, siyasi nüfuz, ictimai rəy və beynəlxalq müttəfiqliklər daxil olmaqla çoxsaylı amillərin birgə təsiri altında qəbul edilir.
Sadiq İsabəyli
visiontv.az