Metsola: Avropa Ukraynada sülhün əldə olunmasını və enerji təhlükəsizliyinin gücləndirilməsini dəstəkləyir
12.11.2026

Avropa İttifaqı Ukraynada müharibənin başa çatması və sülhün əldə olunması üçün vahid mövqedən çıxış etməli, eyni zamanda enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində səylərini davam etdirməlidir.

Bunu  Avropa Parlamentinin Prezidenti Roberta Metsola  Aİ sammiti çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Avropa Ukraynada müharibənin başa çatması üçün konkret nəticənin əldə olunmasında və həll yolunun tapılmasında maraqlıdır.

“Ukraynanın və tərəfdaşların ehtiyacı  Avropanın vahid, ardıcıl və tutarlı səslə danışmasıdır. Parlamentdə bu istiqamətdə istənilən tədbiri dəstəkləməyə hazır olan geniş əksəriyyət mövcuddur”, – Metsola vurğulayıb.

Avropa Parlamentinin Prezidenti enerji məsələlərinə də toxunaraq bildirib ki, enerji təchizatının şaxələndirilməsi, ailələr və müəssisələr üçün enerji xərclərinin azaldılması  Aİ-nin əsas prioritetləri sırasında qalır.

Onun sözlərinə görə, Avropa Parlamenti enerji hesablarının və istehlak xərclərinin azaldılması istiqamətində fəaliyyətini davam etdirəcək.

Metsola enerji təchizatının şaxələndirilməsinin  Avropanın uzunmüddətli strategiyasının əsas istiqamətlərindən biri olduğunu qeyd edib.

O, həmçinin Kanadada keçirilən görüş və sammitin bu istiqamətdə real nəticələrin əldə olunması baxımından müsbət olduğunu bildirib.

Avropa Parlamentinin Prezidenti  Aİ-nin etibarlı tərəfdaşları, xüsusilə Böyük Britaniya ilə münasibətlərin daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

visiontv.az