Məhəmməd Rəhmanifər: “Xocalı faciəsinə bənzər bir deyil, bir neçə ağır hadisənin şahidi ola bilərik”
19.03.2026

İranda fəaliyyət göstərən bəzi kürd qruplaşmaları ölkənin mövcud siyasi sisteminə qarşı bəyanat yayıblar. Bəyanatda ölkədə siyasi quruluşun dəyişdirilməsinin vacibliyi vurğulanaraq daha demokratik idarəetmə modelinin qurulması və müxtəlif xalqların milli hüquqlarının tanınması tələb olunub.

Qruplaşmalar həmçinin İran azərbaycanlılarına müraciət edərək əməkdaşlıq və dialoqa çağırıblar. Onlar kürdlər və azərbaycanlıların birlikdə yaşadığı bölgələrdə ortaq yerli idarəetmə modelinin mümkün ola biləcəyini qeyd ediblər.

Kürd qruplaşmalarının azərbaycanlılara etdiyi əməkdaşlıq çağırışı regiondakı etnik münasibətlərə hansı təsiri göstərə bilər? İran azərbaycanlılarının regiondakı siyasi proseslərdə rolu nə dərəcədə əhəmiyyətlidir?

Mövzu ilə bağlı “Azpolitika”ya açıqlamasında güneyli siyasi ekspert Məhəmməd Rəhmanifər bildirib ki, bu məsələyə yalnız az sayda və ciddi hesab olunmayan təşkilatlar müsbət yanaşır. Güney Azərbaycan təşkilatlarının böyük hissəsi isə bu mövqeni dəstəkləmir.

Onun sözlərinə görə, kürd terror təşkilatlarının İsrail və ABŞ tərəfindən silahlandırılaraq İrana daxil olması ehtimalı müzakirə olunur. Bu məsələ Tramp administrasiyasını da narahat edən amillərdən biridir: “Çünki belə bir vəziyyətdə İranda fars millətçiliyi daha da güclənə bilər. Onsuz da güclü olan bu tendensiya ölkənin parçalanması qorxusu ilə daha da arta bilər. Nəticə etibarı ilə bu qüvvələr kürd təşkilatlarına qarşı çıxaraq müəyyən mənada Tehran rejimini dəstəkləyə bilərlər. Tehran rejiminə müxalif olsalar da, kürd təşkilatlarını bölücü qüvvə kimi gördükləri üçün onlara müsbət yanaşmırlar”.

Ekspert vurğulayır ki, bu gün Güney Azərbaycan türklərinin ən çox narahat edən məsələ məhz kürd terror təşkilatları problemidir. O, 1979-cu il inqilabından sonra Sulduzda baş verən hadisələri xatırladaraq bildirir ki, həmin dövrdə törədilən cinayətlər unudulmayıb: “Biz yaxşı bilirik ki, bu qüvvələr keçmişdə burada hansı fəaliyyətlərlə məşğul olublar. Bu gün də həmin təşkilatlar öz xəritələrində Güney Azərbaycanın bir çox ərazilərini göstərir, eyni zamanda güney azərbaycan türklərini əməkdaşlığa dəvət edirlər. Hətta son dövrlərdə onların xəbər saytlarında və televiziya kanallarında yayımlanan xəritələrdə Güney Azərbaycanın bir sıra şəhərləri, xüsusilə Türkiyə ilə sərhəddə yerləşən bölgələr “Kürdüstan” kimi təqdim olunur. Bu isə ciddi narahatlıq doğurur. Onlar bu əraziləri öz torpaqları kimi göstərirlər. Belə bir vəziyyətdə Güney Azərbaycan türklərinin böyük əksəriyyəti buna qarşı çıxacaq, hətta lazım gələrsə, mübarizə aparacaqlar. Bu cür qarşıdurma baş verərsə, Türkiyənin də müdaxilə etməsi qaçılmaz ola bilər. Çünki mümkün toqquşmalar onun şərq sərhədlərinə yaxın ərazilərdə baş verəcək və bu da Türkiyəni prosesə cəlb edəcək.

M.Rəhmanifər hesab edir ki, əgər qarşıdurma baş verərsə, Güney Azərbaycan türkləri də buna müqavimət göstərəcəklər: “Mənim fikrimcə, bu məsələdə Şimali Azərbaycanın rolu çox vacib və həlledicidir və mütləq şəkildə həyata keçirilməlidir. Xüsusilə İsraillə yaxşı diplomatik münasibətlər nəzərə alınaraq, diplomatik səviyyədə fəallıq göstərilməlidir. Əks halda, regionda Xocalı faciəsinə bənzər bir deyil, bir neçə ağır hadisənin şahidi ola bilərik. Çünki biz bu təşkilatların fəaliyyətini yaxşı tanıyırıq.

Güney Azərbaycan türklərı kürd təşkilatları ilə qarşıdurmaya girərsə, eyni zamanda İran rejiminin mühafizəkar qüvvələri – SEPAH və İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) da kürd terror təşkilatlarına qoşula bilərlər. Bu vəziyyətdə Güney Azərbaycan türklərıni narahat edən əsas məqam odur ki, İsrail və ABŞ-ın pilotsuz uçuş aparatları guya Xamenei tərəfdarlarına qarşı istifadə olunsa da, nəticədə Güneydəki azərbaycanlılara da zərər dəyə bilər. Bu narahatlıq ABŞ və İsrail tərəflərinə çatdırılmalıdır. Bu məsələ Tehran rejimi ilə bağlı deyil. Bu torpaq məsələsidir. Əgər kürdlər Tehranla mübarizə aparmaq istəyirlərsə, niyə Güney Azərbaycanın ərazilərinə daxil olurlar? Bu isə onların məqsədinin fərqli olduğunu göstərir”.

visiontv.az