Kılıçdaroğlu prezident olsaydı Türkiyə Azərbaycanın yox, Ermənistanın yanında yer alacaqdı
Kılıçdaroğlu prezident olsaydı Türkiyə Azərbaycanın yox, Ermənistanın yanında yer alacaqdı
28.03.2025 Elbəyi Həsənli Tərəfindən

Xankəndində, Şuşada, Kəlbəcərdə, Zəngilanda... oturub deyir ki, Ərdoğan diktatordur, Baxçalı canlı meyitdir. İkisi də şeytandır. Əkrəm İmamoğlu isə əsl demokratdır, imam övladıdır, mələk kimi bir şeydir...

CHP-nin mahiyyətindən xəbərdar olmayanlara yalnız bir faktı xatırladacam:

CHP-nin yeni seçilmiş lideri Özgür Özəl 13 noyabr 2023-cü ildə Azərbaycanla münasibətləri yenidən formatlaşdıracağına söz verib: "Dost və qardaş Azərbaycanı incitdik. Səhv etdik. Hamısı bizim günahımızdır".

Özgür bəy nədən CHP adına Azərbaycandan üzr istəyib?

2023-cü ildə “Altılı masa”nın vahid namizədi Kamal Kılıçdaroğlu “həyatımın ən böyük layihəsi” dediyi “Türkün yolu”nu ictimaiyyətə təqdim etdi.

Çindən başlayaraq, Mərkəzi Asiya ölkələrindən Azərbaycana, buradan da Türkiyə üzərindən Avropaya uzanan marşrutun üstündən Kamal Kılıçdaroğlu qara bir xətt çəkdi. Yəni Orta Dəhliz və Zəngəzur bir anın içində buxarlandı, yoxa çıxdı.

Azərbaycansız türk yolu? Axı bu, necə ola bilər? Kamal Kılıçdaroğlunun əməldə Azərbaycana münasibəti budur. Adam “uf” belə demədən Azərbaycanı Avrasiyanın gələcəyini müəyyən edən layihədən kənarda qoydu.

Fransa, Ermənistan və İran Azərbaycanın Orta Dəhlizdən kənarda qalmasına ən çox maraq göstərən ölkələrdir. Zəngəzur dəhlizini süngü ilə qarşılayanlar da onlardı. Sayın Kılıçdaroğlu Gürcüstandan keçən Orta Dəhlizi dəfn elədi, üstəlik, Zəngəzur dəhlizini də yararsız bir şeyə çevirdi...

Bəs nədən prezident seçkisinə sayılı günlər qalmış sayın Kılıçdaroğlu Azərbaycanı “ofsayd”da qoydu? Bu, Çin-Aİ marşrutundan Azərbaycanı kənarda qoymaq istəyənlərə bir çağırış idi. “Mənə dəstək verin, Azərbaycanı bitirim”, deyirdi.

Bəs, bizim bəzi “demokrat” dostlarımızın dodaq büzdüyü AKP-MHP ittifaqı nə dedi? Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop: “Azərbaycansız Türk Yolu ola bilməz”. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu: “Kemal Kılıçdaroğlu Azərbaycandan üzr istəməlidir”.

Kamal Kılıçdaroğlu Azərbaycandan üzr istəmədi. Onun yerinə keçən Özgür Özəl belə bir addım atmalı oldu.

Kamal Kılıçdaroğlu Türkiyənin prezidenti olsaydı erməni separatçıları Qarabağdan çıxmazdı. Çünki Kamal Kılıçdaroğlu prezident olsaydı Türkiyə Azərbaycanın yox, Ermənistanın yanında yer alacaqdı. Bu və ya digər yollarla Türkiyə Ermənistana dəstək olacaqdı. Azərbaycansız Türk yolu çəkəcəkdi...

Əkrəm İmamoğlu da Kamal Kılıçdaroğlu tipdə olan bir siyasətçidir. Hər ikisi kosmopolitdir, türk milli şüuruna sahib deyillər. Separatçı kürdlərə, ermənilərə. yunanlara... simpatiya bunların qanındadır...

Ən pisi odur ki, belə primitiv şeyləri bilməyənlər və ya anlamayanlar siyasi şərh yazırlar. Qarabağı az qala bütün dünyanın əlindən zorla qoparılmasında Azərbaycana sonuna qədər dəstək verən cənab Ərdoğanı, sayın Baxçalını təhqir edirlər. Azərbaycansız Türk yolu çəkən zehniyyəti isə alqışlayırlar.

Bu ağılda olan adamlar Azərbaycanı idarə etməyə iddialıdırlar. Bu ağılla dövlət idarə olunmaz...

Elbəyi Həsənli

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8