İranda evlənən gənc səhəri gün edam edilib - VİDEO
08.10.2026

İsfahanda ölüm cəzasına məhkum edilmiş gənc Əlirza Sepahi ilə həbsdə olan nişanlısı Məhşad Kaşani edamdan cəmi bir gün əvvəl telefon vasitəsilə nikah bağlayıblar.

Hüquqşünas Əmir Səlar Davudinin yaydığı məlumata görə, onların nikah mərasimi həbsxanada telefon vasitəsilə həyata keçirilib. Məhşad Kaşani də həbsdə olduğundan, nikahdan sonra Əlirza Sepahi ilə üz-üzə görüşməsinə icazə verilməyib.

Əlirza Sepahinin son arzusu həyat yoldaşı Məhşad Kaşanini son dəfə görmək olub. Lakin həbsxana rəhbərliyi bu görüşə icazə verməyib.

5 oktyabr 2026-cı ildə Əlirza Sepahi İsfahanın Dəstgərd həbsxanasında edam edilib. Beləliklə, nikahından cəmi bir gün sonra Məhşad Kaşani həyat yoldaşını itirib.

Hadisə İran hakimiyyətinin ölüm cəzasının tətbiqi və məhbusların hüquqları ilə bağlı yeni mübahisələrə səbəb olub.

Sosial mediada Əlirza Sepahinin ailəsinin onun ölümündən sonra toy mərasimi keçirdiyi barədə də görüntülər yayılıb.

visiontv.az