İran rejimi niyə yalnız Azərbaycanı təhdid edir?
02.10.2026

ABŞ-ın İranın aviasiya sektoruna qarşı tətbiq etdiyi yeni sanksiyalar fonunda İran terror rejiminin təzyiq və təhdidlərinin əsas hədəflərindən birinin Azərbaycan olması diqqət çəkir. Sanksiyaları ABŞ tətbiq edir, lakin Tehran hakimiyyəti yaranmış vəziyyətin məsuliyyətini Azərbaycanın üzərinə yönəldir.

İran rəsmilərindən birinin “Amerika gəlib-gedər, biz Azərbaycanla qalacağıq, o zaman onlarla necə davranacağımızı bilərik” deməsi Azərbaycana qarşı açıq təhdiddir. Bu bəyanat Tehran hakimiyyətinin Azərbaycanı ABŞ-la münasibətlərinə və müstəqil xarici siyasətinə görə təzyiq altında saxlamaq niyyətini nümayiş etdirir.

Tehran hakimiyyətinin Azərbaycanı hədəfə almasının səbəbi yalnız aviasiya məsələsi ilə məhdudlaşmır. Azərbaycanın müstəqil xarici siyasəti, İsraillə strateji münasibətləri, regional nəqliyyat layihələrində fəal mövqeyi və İranın regional siyasətindən asılı olmayan dövlət siyasəti Tehran rejimini uzun müddətdir narahat edir.

Son dövrdə Türkiyənin sosial media məkanında Azərbaycan dövlətinə qarşı aparılan şantaj xarakterli kampaniyalar və təxribatlar da İran rejiminin Azərbaycana qarşı həyata keçirdiyi informasiya müharibəsinin tərkib hissəsidir. İran rejimi Türkiyənin media və sosial media imkanlarından istifadə etməklə Azərbaycan dövlətinə qarşı təxribat xarakterli materialların yayılmasına və ictimai rəyin manipulyasiyasına çalışır. Təəssüf ki, Türkiyənin bəzi media və sosial media platformaları bu fəaliyyət üçün əlverişli informasiya mühiti yaradır.

ABŞ-la qarşıdurmanın və sanksiyaların yaratdığı nəticələri Azərbaycanın üzərinə yönəltmək məsuliyyətin ünvanını dəyişdirməkdir. Azərbaycan ABŞ-ın sanksiyalarını tətbiq edən tərəf deyil və İranın Vaşinqtonla qarşıdurmasının məsuliyyətini daşımır.

“Amerika gəlib-gedər, biz Azərbaycanla qalacağıq” ifadəsi Tehran hakimiyyətinin Azərbaycana verdiyi açıq mesajdır. İran rejimi ABŞ-la qarşıdurmasının müvəqqəti olduğunu, Azərbaycanla qonşuluğun isə davamlı xarakter daşıdığını vurğulayaraq gələcəkdə Azərbaycana qarşı mümkün tədbirlərlə hədələyir.

Bu yanaşma İran rejiminin qonşu dövlətlə münasibətlərə baxışını da ortaya qoyur: Tehran Azərbaycanı bərabərhüquqlu və müstəqil dövlət kimi qəbul etmək əvəzinə, onun xarici siyasətinə təzyiq göstərməyə çalışır.

Azərbaycan müstəqil dövlətdir və xarici siyasətini heç bir dövlətin təhdidləri əsasında müəyyən etmir. ABŞ-la İran arasındakı qarşıdurmanın nəticələrini Azərbaycanın üzərinə yönəltmək Tehran rejiminin öz siyasi məsuliyyətindən yayınmaq cəhdidir.

İran rejiminin Azərbaycana qarşı təhdid dili yalnız iki ölkə arasındakı münasibətləri gərginləşdirmir, eyni zamanda Cənubi Qafqazda onsuz da mürəkkəb olan təhlükəsizlik mühitinə əlavə təzyiq yaradır.

Tehran hakimiyyəti ABŞ-la qarşıdurmasının hesabını Azərbaycandan tələb edə bilməz. Azərbaycanın müstəqil siyasəti və milli maraqları İran rejiminin təhdidlərindən asılı deyil.

Sadiq İsabəyli

visiontv.az