Fələstin–erməni terror şəbəkəsi: Asalanın formalaşmasında Fələstin təşkilatlarının rolu
02.10.2026

1970–1980-ci illərdə Livan Yaxın Şərqdə müxtəlif silahlı və terror təşkilatlarının bir-biri ilə təmas qurduğu əsas mərkəzlərdən birinə çevrilmişdi. Xüsusilə Fələstin Azadlıq Təşkilatının (PLO) və onun daxilindəki silahlı fraksiyaların Livanda yaratdığı infrastruktur müxtəlif radikal qruplar üçün təlim, əlaqə, silah və logistika imkanları yaradırdı.

Məhz bu mühitdə erməni terror təşkilatları ilə Fələstin silahlı tertor qrupları arasında ideoloji, təşkilati və praktiki əlaqələr formalaşdı. Bunun ən mühüm nümunələrindən biri 1975-ci ildə Beyrutda meydana çıxan ASALA — Ermənistanın Azadlığı üçün Gizli Ordusudur.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin 1984-cü ildə hazırladığı sənəddə ASALA marksist erməni terror təşkilatı kimi təsvir edilir və onun Fələstin terror qrupları ilə əlaqələri qeyd olunur.

Tarixi sənədlər göstərir ki, bu münasibətlər yalnız siyasi və ideoloji yaxınlıqla məhdudlaşmayıb. ASALA üzvlərinin Fələstin silahlı təşkilatlarının düşərgələrində təlim keçməsi barədə ciddi sənədlər mövcuddur.

1985-ci ildə Conflict Quarterly jurnalında dərc olunmuş araşdırmada ASALA rəhbərliyinin Fələstin marksist təşkilatları ilə əlaqələri, PFLP rəhbəri Corc Həbəşin ASALA üzvlərinə Livan və Cənubi Yəməndə təlim verdiyi barədə məlumatlar qeyd olunur. Həmin araşdırmada 1981-ci ildə Parisdə Türkiyə konsulluğunu ələ keçirən ASALA üzvlərinin Fələstin düşərgələrində təlim keçdiklərini bildirdikləri də yazılır.

Digər akademik araşdırmalarda isə PFLP rəhbərliyinin ASALA üzvlərinə təlim, silah və inqilabi təbliğat materialları verdiyinə dair məlumatlar yer alır. ASALA–Fələstin əməkdaşlığının əsas mərkəzinin Livan olduğu, bəzi əlaqələrin isə Fəth vasitəsilə qurulduğu göstərilir.

1980-ci il 8 apreldə Saydada PFLP-nin təşkil etdiyi mətbuat konfransında ASALA nümayəndələrinin iştirakı və marksist Fələstin təşkilatları ilə əlaqələrini vurğulaması bu münasibətlərin açıq xarakter daşıdığını göstərən konkret nümunələrdəndir.

Mənbələrdə ASALA ilə Fələstin təşkilatları arasında ideoloji yaxınlıqdan praktiki əməkdaşlığa qədər uzanan birgə fəaliyyətin aşağıdakı istiqamətlərdə qurulduğu göstərilir:

* təşkilati əlaqələr;

* təlim;

* silah və logistika dəstəyi;

* inqilabi və marksist təbliğat materiallarının ötürülməsi;

* müxtəlif silahlı qruplar arasında qarşılıqlı fəaliyyət

Bu faktlar göstərir ki, ASALA-nın formalaşdığı və fəaliyyət göstərdiyi mühitdə Fələstin tertor təşkilatlarının rolu yalnız ideoloji təsirlə məhdudlaşmayıb.

ASALA sonrakı mərhələdə Türkiyəyə qarşı terror kampaniyasını genişləndirdi və Türk diplomatlarını, eləcə də Türkiyə vətəndaşlarını hədəfə aldı.

Bu fəaliyyətin regional təşkilati və ideoloji mühiti araşdırılarkən ASALA-nın Fələstin silahlı tertor təşkilatları ilə sənədləşdirilmiş əlaqələri də nəzərə alınmalıdır.

ASALA-nın Türkiyəyə qarşı terror fəaliyyətlərində Fələstin təşkilatları ilə əlaqələrin, eləcə də həmin dövrdə Livanda mövcud olan təlim və logistika imkanlarının rolu ayrıca araşdırılmalıdır.

Ona görə də bu tarixi faktları nəzərə almadan bu gün Fələstin məsələsini yalnız humanitar mövzu kimi təqdim etmək və onun ətrafında Hamas terror təşkilati kimi formalaşmış silahlı-terror şəbəkələrinin fəaliyyətini görməzdən gəlmək məsələnin tam mənzərəsini göstərmir.

Bu gerçəklikləri bilmək həm də bu gün Azərbaycan və Türkiyəyə qarşı fəaliyyətlərin regional kontekstini anlamaq baxımından da əhəmiyyətlidir. Bu gün Fələstin məsələsindən sui-istifadə edərək Azərbaycan dövlətinə və Azərbaycan–Türkiyə münasibətlərinə qarşı fəaliyyət göstərən müxtəlif erməni, fars və Fələstin mənşəli terrorçu çevrələrin fəaliyyətləri də bu kontekstdən ayrı nəzərdən keçirilməməlidir.

Ona görə də Fələstin məsələsi, HƏMAS, Hizbullah və erməni-fars terror təşkilatlarının ideoloji və təbliğat fəaliyyətləri müzakirə edilərkən yalnız bugünkü hadisələr deyil, 1970–1980-ci illərdən etibarən formalaşmış terror infrastrukturu və bu şəbəkələrin həyata keçirdiyi fəaliyyətlər də nəzərə alınmalıdır.

Belə bir tarixi kontekstdən yanaşdıqda, Azərbaycan dövlətinə və onun müstəqil xarici siyasətinə Türkiyə mediası üzərindən həyata keçirilən ağır hücum və təxribatların mahiyyəti daha aydın üzə çıxır.

Çox təəssüf ki, bu istiqamətdə hətta qardaşlıq şüarlarından istifadə etməklə Azərbaycan dövlətçiliyinə qarşı hücumlar da formalaşdırılır. Bu isə göstərir ki, hələ də bir çoxları Türk dövlətlərinə qarşı yönəlmiş düşmənçiliyin mahiyyətini ya dərk etmir, ya da bilmədən bu fəaliyyətlərin müəyyən hissəsinə çevrilirlər.

Sadiq İsabəyli

visiontv.az