İran mediası "Qarabağ: Böyük bağ" kitabını təhlil edib
16.07.2026

IBNA saytında İranda Qafqaz məsələləri üzrə ekspert Həmid Xosrovşahinin müəllifi olduğu "Qarabağ: Böyük bağ" kitabına həsr olunmuş geniş resenziya dərc edilib.

Yazıda müəllifin Azərbaycana səfəri fonunda Qarabağın və Azərbaycanın tarixi, mədəniyyəti, cəmiyyəti və regional siyasətinə dair müşahidələri təhlil olunur.

Resenziyada qeyd edilir ki, müəllif Qarabağı münaqişə məkanı kimi deyil, tarixi, mədəniyyəti, musiqisi və zəngin irsi ilə seçilən bir coğrafiya kimi təqdim etməyə çalışır. Kitabda Azərbaycanın gündəlik həyatı, Bakı şəhəri, tarixi abidələr, muzeylər, dini məkanlar və yerli insanların həyat tərzi səyahətnamə üslubunda təsvir olunur.

Yazıda kitabın güclü tərəfləri kimi axıcı üslubu, zəngin fotoşəkillərlə müşayiət olunması və stereotiplərdən uzaq yanaşması qeyd edilir. Bununla yanaşı, müəllifin 2018-ci ildə baş tutmuş səfərini yalnız 2025-ci ildə kitab halında nəşr etdirməsi, eləcə də müasir siyasi hadisələrin bir hissəsinin köhnəlmiş görünməsi tənqid olunur.

Resenziyada müəllifin Azərbaycan-İsrail münasibətlərinə dair yanaşması ilə bağlı iddiaları da yer alır. Yazının müəllifi hesab edir ki, kitabda İsrail və Azərbaycan münasibətləri kifayət qədər tənqidi şəkildə dəyərləndirilməyib.

Məqalənin yekununda vurğulanır ki, "Qarabağ: Böyük bağ" həm səyahətnamə, həm də Qafqazı daha yaxından tanımaq istəyən oxucular üçün analitik mənbə kimi qiymətləndirilə bilər.

visiontv.az