Azərbaycan bizdən əvvəl tanınanların çoxundan çəkisi daha ağır orta gücdür
16.07.2026

Şuşada keçirilən Qlobal Media Forumu sayca əslində dördüncü yox, beşincidir. Sadəcə, birinci, yəni 2022-ci ildəki forum Şuşada keçirilsə də, başqa cür adlandırıldığından indiki dördüncü sayılır.

Amma bu beş media forumunun beşinin də təşkilində niyyət Azərbaycan həqiqətlərini və regional, eləcə də təsiri regionumuzdan yan keçməyən qlobal proseslərə dövlətimizin baxışını beynəlxalq auditoriyaya çatdırmaqdır. Təbii ki, hansı məsələnin bizim üçün daha aktual olması hər forumda özünü bir cür əks etdirib. Məsələn, 2022-ci ildə keçirilən Beynəlxalq Media Forumunda əsas məqsəd Qarabağdakı otuzillik dağıntıları dünyaya göstərmək, kobud səslənsə də, kimlərinsə də gözlərinə soxmaq və bu yöndə informasiya blokadasını qırmaq idi. Bacardıq.

2023-cü ildəki I Şuşa Qlobal Media Forumunda postmünaqişə reallıqları, gedən quruculuq və separatizmə qarşı sərt xəbərdarlıqlar üstünlük təşkil etdi. Dövlətimizin başçısı Ermənistana və havadarlarına xəbərdarlıq etdi ki, Qarabağdakı separatçı rejimin sülh gündəliyindən yayınmaq cəhdləri onlar üçün ağır nəticələnəcək. Elə də oldu.

Ölkəmizin suverenliyinin tam bərpasından sonra keçirilən 2024-cü il II Şuşa Qlobal Media Forumunda əsas hədəf 2023-cü ildə keçirilən lokal antiterror əməliyyatını qərəzli təqdim edən Qərb institutlarını və mediasını ifşa idi. Və məhz bu forumda birmənalı şəkildə bildirildi ki, Azərbaycanla Ermənistan arasında qarşıdurmanın hərbi səhifəsi bağlanıb. Bağlandı.

2025-ci ildə keçirilən III Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin beynəlxalq auditoriyaya çatdırmaq istədiyi əsas mesajlardan biri torpaqlarımız üzərində suverenliyimizə necə yanaşırıqsa, milli informasiya məkanının suverenliyinə də o cür yanaşacağımız idi. Həmin forumun panel və görüşlərinin bir hissəsinin Xankəndidə təşkil edilməsinin özü bunun nə demək olduğunu ən təsirli şəkildə ortaya qoyurdu. 2025-ci il forumunda Minsk qrupunun buraxılması zərurəti daha qətiyyətlə qabardıldı və burada da məqsədə çatıldı.

Bu dəfəki forumda əsas o vurğulandı ki, kimlərin dirəniş göstərməsindən asılı olmayaraq, regionda dayanıqlı və ədalətli sülh də təmin ediləcək. Artıq orta gücə çevrildiyini regionumuzda maraqları olan güclərin hər birinin gördüyü Azərbaycanın bunu da bacaracağına kimsənin şübhəsi yoxdur. Çünki bundan öncəki forumlarda deyilənləri və ardınca da edilənləri hər kəs xatırlayır, aradan elə də çox vaxt keçməyib.

Millət vəkili Sahib Alıyev

visiontv.az