Ermənistanda böyük təmizləmə: Paşinyan öz komandasını, kilsəni və MTX-ni eyni anda vurur
Ermənistanda böyük təmizləmə: Paşinyan öz komandasını, kilsəni və MTX-ni eyni anda vurur
08.10.2026 Şöhrət El-Dəniz Tərəfindən

Ermənistanda son günlər baş verənlər təsadüfi görünə bilər. Amma yan-yana qoyanda belə bir mənzərə çıxır ortaya. Nikol Paşinyanın qurduğu sistem dağılır və yaxud kənardan dağıdılır. Baş nazir də bunun üçün hər kəsi vurmağa başlayıb.

Gəlin xronologiyaya baxaq. Öz partiyasından deputat Hayk Sarkisyanı qovur. Milli Təhlükəsizlik Xidmətinin generalı David Sanamyanı işdən çıxarır, Parlamentdə kilsəyə qarşı komissiya yaradır və sair. Eyni gün İran ABŞ-nı Zəngəzurda vuraçağı ilə hədələyir, Rusiya isə deyir ki, İrəvan Gümrüddəki rus bazasını çıxartmağa cəsarət etmir, məsuliyyəti Moskvaya atır. Bütün bunları nəzərə alaraq sual verək. Ermənistanda nələr baş verir?

Birincisi daxildə təmizləmə əməliyyatına start verilib. Keçmiş deputat Hayk Sarkisyanın qovulması adi intizam işi deyil. Sarkisyan Vətəndaş Müqaviləsinin içindəki "köhnə Qarabağ klanına" yaxın adam sayılırdı. Onun qovulması Paşinyanın partiya içindəki rusiyapərəst qanada mesajıdır, yəni mənə xəyanət edən hər kəsi siləcəm. Paşinyan bilir ki, hazırda onu devirə biləcək qüvvə küçədəki müxalifət yox, öz partiyasının içindəki general və oliqarxlar ola bilər. General David Sanamyanın çıxarılması isə daha ciddidir. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşlarının yarıdan çoxu hələ də Rusiya məktəbi görmüş kadrlardır. Sanamyan da məhz o kadrlardan biriydi. Onu çıxarmaqla Paşinyan Milli Təhlükəsizlik Xidmətini özünə tabe etməyə çalışır. Çünki bu qurumun əlində həm də Paşinyana qarşı ciddi dosyeləri var. Generalın istefaya göndərilməsi Paşinyanın özünü sığortalamaq cəhdidir.

İkincisi Kilsəyə qarşı müharibə. Erməni Apostol Kilsəsinə qarşı parlamentdə yaradılan 11 nəfərlik istintaq komissiyası əslində kilsəyə qarşı deyil, Rusiyaya qarşıdır. Komissiyanın rəhbəri Arman Yeqoyanın dediklərinə fikir verin: "Kilsəyə verilən xüsusi hüquqlar hesabatlılıqla müşayiət olunmalıdır, kilsə siyasi arenaya girib, maliyyə şəffaflığı, vergi pozuntuları, əmlakın statusu araşdırılacaq və sair". Bu nə deməkdir? Paşinyan deyir ki, kilsə artıq dua evi deyil, müxalifətin qərargahıdır və Katolikos II Qaregin açıq şəkildə Rusiyanın adamıdır, Koçaryan və Sarkisyanla bir masada oturur. Hazırda kilsə öz xətti ilə Ermənistanın hər bölgəsində, bütün kəndlərdə Paşinyan satqındır, Zəngəzuru türklərə verir təbliğatı aparır. Paşinyan da kilsəni maliyyə yoxlamaları ilə boğmaq istəyir. Məqsəd kilsənin əmlakını əlindən almaq, ruhaniləri qorxutmaqdır. Bu, Ukrayna ssenarisidir. Zelenski də vaxtilə Moskva Patriarxlığına tabe olan kilsələri bu cür sıradan çıxartdı. Amma bu həm də riskli oyundur. Erməni toplumu kilsəyə çox bağlıdır və onsuz bir millət kimi kimliyini itirə bilər.

Üçüncüsü. Xarici cəbhə. Rusiya XİN-nin əməkdaşının mətbuata verdiyi açıqlamada deyir ki, İrəvan Gümrüdəki rus hərbi bazası ilə bağlı məsuliyyəti Moskvanın boynuna qoymaq istəyir. Bu nə deməkdir? Paşinyan Gümrüdəki 102-ci Rusiya bazasını çıxartmaq istəyir. Amma bunu açıq deyə bilmir. Ona görə elə şərait yaradır ki, Rusiya məcbur olub özü çıxsın. Məsələn, bazanın torpaq icarəsini uzatmır, hərbçilərin hərəkətini məhdudlaşdırır və sair. Moskva da Paşınyanın bu addımını ifşa edərək deyir ki, sənin oyununu görürük. Cəsarətin varsa, açıq de ki, bazanı çıxarın. İkinci bir problem İranın Zəngəzur hədəsi ilə bağlıdır. Tehran açıq deyir ki, əgər ABŞ TRIPP adı ilə Zəngəzura girsə, biz onu hədəfə alacağıq. Paşinyan indi üç problemin arasında qalıb. Bakıya və Vaşinqtona söz verib ki, TRIPP layihəsi həyata keçəcək, Moskvaya söz verməlidir ki, bazanı saxlayacaq, Tehrana da söz verməlidir ki, amerikanı bölgəyə buraxmayacaq. Üçünü eyni anda etmək isə mümkün deyil. Paşinyan anlayır ki, yolu açsa Rusiya və İran, açmasa ABŞ və Azərbaycan onu nəticəsi xoş olamayan təzyiqlər edəcək. Ona görə o, preventiv təmizləmə əməliyyatına başlayb. Partiya, hökümət, xüsusi xidmət orqanları, kilsə və hərbi qüvvələrin içində olan Rusiyaya və İrana bağlı qüvvələrin təmizləyir. Problem isə ondadır ki, Paşinyan daxili düşmənləri təmizlədikcə, xarici düşmənləri daha da aktivləşir. Və onların hamısının bir hədəfi var, Paşinyanı devirmək. Əslində TRIPP-in gecikməsinin səbəblərindən biri də budur. Paşinyan yolu tikməyə qorxur. Çünki bilir ki, o yolun ilk buldozeri işə düşən gün, İrəvanda onun əleyhinə kilsə zənglər çalınacaq.

Şöhrət El-Dəniz

visiontv.az