Bəli, hədislərdə “əl-hərbu xudatun”, yəni “müharibə hiylədir” deyilir. Amma aldadılan düşmən olmalıdır, öz xalqın yox. İranda isə hazırda bunun əksi baş verir. Yəni haradasa 1967-ci ildə Misirin etdikləri təkrarlanır.
Altıgünlük müharibə zamanı misirlilər, eləcə də digər ərəblər radiodan eşitdikləri xəbərlərin təsiri altında İsrailin artıq təslim olmağa hazırlaşdığını düşünürdülər. Hətta deyilənə görə, İsrail ordusu ərəb koalisiyasına daxil olan 3 ölkənin torpaqlarını ələ keçirəndə orada yaşayanlar düşmənin tanklarını özlərininki bilib gül-çiçəklə qarşılamağa da çıxırlarmış.
O zaman bu savaşın uduzan tərəf üçün iki sarsıdıcı nəticəsi vardı ki, məncə, hər ikisi İranı da gözləyir. Onlardan biri torpaq itkisi idi. Əgər savaş öncəsi İsrailin ərazisi 20 000 km² idisə, bir həftə sonra onun nəzarətində təxminən 70 000 km² torpaq vardı. Təqribən 15 il sonra həmin torpaqlardan bir hissəsi, yəni Sinay yarımadası qaytarılsa da, bu savaş nəticəsində panərəbizm ideologiyası tam gedər-gəlməzə göndərildi.
Düzdür, məqsədinə çatdıqdan, yəni Osmanlı çökdükdən sonra bu ideologiyanı ərəblərə tövsiyə edən Böyük Britaniyanın özü onun üstündən xətt çəkmişdi. Fransa ilə birgə Yaxın Şərqdə yeni xəritələr cızmış, həmin ideologiyanın başında duran Haşimilər sülaləsinin lideri Hüseyn bin Əliyə verilən vahid ərəb dövləti yaradılması vədini yerinə yetirməmişdi. Amma ötən əsrin ortalarında ərəb dövlətləri arasında şəriksiz liderlik mövqeyinə yüksələn Misir yenidən panərəbizm ideologiyasını dirçəldə bilmişdi və hətta Suriya ilə birgə 1958-ci ildə ömrü üç il çəkən Birləşmiş Ərəb Respublikası da yaratmışdı. Altıgünlük müharibədən sonra ortaya çıxan geosiyasi reallıq isə göstərdi ki, ərəb həmrəyliyi elə ancaq çökməsində böyük rol oynadıqları Osmanlının tərkibində mümkün imiş.
Yuxarıda qeyd etdiyimiz kimi, indi İran da bənzər bir reallıqla üz-üzədir. Yəni bu ölkə ən azından Hörmüz boğazı ətrafında 1971-ci ildə ələ keçirdiyi üç adanı itirsə, mən buna təəccüblənməyəcəyəm. Vilayəti-fəqih doktrinası və ideologiyasının panərəbizm sayaq tarixə kömülməsi isə fikirmcə, tam qaçılmazdır.
Millət vəkili Sahib Alıyev
visiontv.az