Çin dünyada avtomobillərdə “gizli qapı dəstəkləri”ni qadağan edən ilk ölkə oldu
04.02.2026

Bu dizayn Tesla-nın simvoluna çevrilmiş, daha sonra onlarla elektromobil istehsalçısı tərəfindən kopyalanmışdı.

Fevralın 2-də Çin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi bu barədə rəsmi qərarını açıqladı. Yeni qaydalara əsasən, 2027-ci ilin yanvarından etibarən ölkədə satılacaq bütün avtomobillər həm daxildən, həm də xaricdən mexaniki üsulla açılan qapılara malik olmalıdır.

Elektron mexanizmlə idarə olunan, bədənin içərisinə “basdırılmış” və düymə ilə çıxan zərif tutacaqlar artıq sertifikat almayacaq. Qayda qüvvəyə mindikdən sonra yalnız hazırda istehsal mərhələsində olan modellərə 2029-cu ilə qədər möhlət veriləcək.

Sənədlərdəki texniki izahatların - “istifadə çətinliyi və qəza zamanı açılmama riski” - arxasında bir neçə sarsıdıcı hadisə dayanır.

2025-ci ilin martında Anhoy əyalətində Xiaomi SU7 markalı elektromobil 97 km/saat sürətlə beton baryerə çırpılaraq yanmağa başladı. Üç gənc qız - universitet tələbələri - həlak oldu. Xilasetmə xidməti və şahidlər qapıları aça bilməmişdi.

Qəzanın ertəsi gün Xiaomi səhmləri 21% ucuzlaşdı, şirkət bir həftə ərzində 16 milyard dollar kapital itirdi.

Oktyabrda oxşar faciə Çenduda təkrarlanmışdı - yenə Xiaomi SU7, yenə yanğın. Videolarda görünür ki, insanlar avtomobilin qapılarını açmağa, şüşələri sındırmağa çalışır, lakin uğursuz olur. Sürücü yanaraq ölür.

ABŞ-da vəziyyət bundan da yaxşı deyil. Bloomberg-in 2025-ci ilin sonunda apardığı araşdırma göstərib ki, son on ildə Tesla-nın işləməyən qapı dəstəkləri ilə bağlı 140-dan çox şikayət qeydə alınıb. Jurnalistlər bu problemi azı 15 ölüm hadisəsi ilə əlaqələndiriblər. Bu qəzaların çoxunda insanlar toqquşmadan sağ çıxıb, lakin qapılar açılmadığı üçün avtomobildən çıxa bilməyiblər. Ölüm hallarının yarıdan çoxu 2024-cü ilin noyabrından sonra baş verib.

Qərar rəsmi sənədlərdə konkret şirkətləri ad çəkməsə də, əsas hədəfin Tesla olduğu sirr deyil.

Gizli qapı dəstəkləri Tesla-nın dizayn imzasıdır və Model 3, Model Y, Model S kimi bütün modellərdə istifadə olunur. Tesla bu dizaynı aerodinamik müqaviməti azaltmaq və vizual sadəlik üçün populyarlaşdırmışdı.

Amma indi məhz həmin ideya şirkətin başını ağrıdır.

Çin Tesla üçün həyati bazardır - 2025-ci ildə burada 625 mindən çox avtomobil satılıb, bu, şirkətin qlobal satışlarının 40%-nə bərabərdir. Lakin ötən il Tesla-nın Çində satışları 5% azalıb, elektromobil bazarındakı payı isə 6%-dan 4,9%-ə enib.

Şirkət ilk dəfə illik geriləmə yaşadı və liderliyini BYD-yə uduzdu: BYD 2,26 milyon, Tesla isə 1,64 milyon elektrikli avtomobil satdı.

Çin mediasının məlumatına görə, ölkədə ən çox satılan 100 elektromobildən təxminən 60%-i gizli qapı dəstəklərinə malikdir. Qadağa yalnız Tesla və Xiaomi-ni deyil, Aion (GAC Group) və digər yerli brendləri də əhatə edəcək.

Amma bəzi istehsalçılar trendləri əvvəlcədən hiss edib: Geely və BYD artıq son modellərində klassik çıxıntılı dəstəklərə qayıdıblar, Volvo da eyni istiqamətdə addım atıb.

Çin təkcə ən böyük avtomobil bazarı deyil, həm də sənaye standartlarının əsas mənbəyidir. Çin qaydaları dəyişəndə, istehsalçılar bu dəyişiklikləri adətən qlobal modellərinə də tətbiq edirlər. Çünki yalnız bir bazar üçün ayrıca versiya istehsal etmək iqtisadi cəhətdən sərfəli deyil.

Ekspertlərin fikrincə, Çin tənzimləmələri qlobal istehsal xəttinə də ötürüləcək.

Oxşar proses artıq ABŞ-da başlayıb: 2026-cı ilin yanvarında konqresmen Robin Kelli “SAFE Exit Act” adlı qanun layihəsini təqdim edib, bu sənəd NHTSA-dan elektron qapı mexanizmlərinə təhlükəsizlik standartları hazırlamağı tələb edir.

Avropa tənzimləyiciləri də eyni məsələni gündəmə gətiriblər.

Azərbaycan üçün bu qərar sadəcə xarici xəbər deyil.

Çin istehsalı olan Chery, BYD, Geely markaları artıq yerli bazarda möhkəmlənib.

Tesla isə rəsmi nümayəndəliyi olmasa da, Bakı küçələrində çoxdan tanış mənzərəyə çevrilib - əsasən Gürcüstan və BƏƏ üzərindən gətirilir.

Odur ki, Çin bazarı üçün hazırlanan avtomobillərdəki bu texniki dəyişikliklər yaxın illərdə Azərbaycan yollarında görəcəyimiz modellərə birbaşa təsir göstərəcək.

Elçin Alıoğlu

visiontv.az