Çanaqqalada nəyinki azərbaycanlı kişilər, hətta qadınlar iştirak edib və onlar tibb bacısı kimi yaralılara xidmət göstərib. Azərbaycanlı əsgərlərin sayına və şəhid olanların siyahısına gəldikdə isə, bu barədə dəqiq məlumat tapmaq mümkün deyil. Lakin oxuduğum mənbələrdə fərqli göstərilir ki, bura Türkiyədə yaşayan, hazırda İran adlanan dövlətdən, Gürcüstan, Dağıstan və Azərbaycandan gedənlərdir.
Etiraf edim ki, tam rəqəm yazmaq qeyri mümüküdür. Bunun üçün ciddi araşdırmalar lazımdır. Türk tarixçiləri bu rəqəmi 4 min olduğunu yazır. Digər tədqiqatlarda isə göstərir ki, təxminən 3000 Azərbaycan vətəndaşı Türkiyə ordusu ilə birlikdə Gelibolu döyüşündə könüllü olaraq döyüşüb şəhid olub. Bu rəqəmə yalnız Azərbaycan ərazisindən cəbhə xəttində döyüşmək üçün könüllü olaraq gələn əsgərlər daxildir, Türkiyədə yaşayan Azərbaycan əsilli vətəndaşlar isə daxil deyil.
Məlumdur ki, Çar Rusiyasının tərkibində o dövrdə olan Azərbaycandan Osmanlı ordusuna xidmət etmək üçün getmək hüquqi cəhətdən mümkün deyil idi. Fiziki olaraq Rusiya təəbəsi sayılan azərbaycanlılar indiki İran, Naxçıvan, Ermənistan, Gürcüstan vasitəsilə döyüşlərdə iştirak etmək üçün gedirdilər.
Balkan müharibələri, Birinci Dünya müharibəsi, istərsə də Milli Mücadilə dövründə Osmanlı ordusuna könüllülər qoşulmaqla yanaşı, həm də Azərbaycandan onlara müxtəlif yardımlar da göndərilib. Rusiya hakimiyyət orqanlarının ciddi nəzarətinə baxmayaraq, Azərbaycan xalqı hər çətinlikdə Osmanlı dövlətinin yanında oldu və ona yardım edib
Tam sayı demək mümkün olmasada hazırda Çanaqqalada məzarı olan bir nəfər barədə uzun zamandır araşdırma edirdim. Bu şəxsin adı Bakı şəhərindən Çanaqqalaya gələn və baş daşında, Z. A. Oğlu Meşhet Ali yazılan Zeynalabdin oğlu Məşədi Əlidir. 1877-ci ildə Bakıda anadan olub. Osmanlı hərbi qeydiyyat dəftərlərində onun doğum yeri sadəcə "Bakı" ("Bakü, Rusya") olaraq göstərilmişdir.
O, Çanaqqalaya gedəndə sıradan bir yeniyetmə deyil, təxminən 38 yaşında olan yetkin insan idi.
Türkiyə Müdafiə Nazirliyinin arxivindəki rəsmi şəhid siyahısında, Məşədi Əlinin qeydiyyat vərəqində onun adı qarşısında bu ifadələr yazılıb:
"Baba adı: Zeynelabidin, Lakabı Meşhet Ali, Memleketi: Bakü / Azerbaycan, Sınıfı: Piyade."
Gelibolu yarımadasındakı döyüşlər həm quruda, həm də dənizdə baş verirdi. Dəniz döyüşləri 1915-ci il fevralın 18-dən martın 18-dək davam etdi. Quruda isə müharibə 25 aprel 1915 - 9 yanvar 1916 aralığında davam etdi. Bu, Türkiyə tarixinin ən qanlı döyüşlərindən biri olub..
Onun sıravi əsgər kimi xidmət etdiyi və Çanaqqala döyüşünün taleyini həll edən əfsanəvi 57-ci Alay, 2-ci Tabor, Çanaqqala döyüşlərində Mustafa Kamal Atatürkün "Mən sizə taarruz etməyi yox, ölməyi əmr edirəm!" dediyi və demək olar ki, heyətinin tamamı şəhid olan ən qəhrəman alaydır.
Çanaqqala döyüşlərində 57-ci Alayın tərkibində onlarla azərbaycanlı könüllü vuruşurdu. Onların çoxu Bakı, Gəncə, Şəki və Qarabağdan imperiya sərhədlərini gizlicə keçərək və ya təhsil aldıqları İstanbuldan birbaşa cəbhəyə yollanmış gənclər idi.
Məşədi Əli 23 may 1915-ci ildə Gelibolu yarımadasında döyüşlər zamanı şəhid olub. O, bu alayın tərkibində Avstraliya və Yeni Zelandiya Ordu Korpusu hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub.
Çanaqqalada şəhidlərin dəfn edilidyi məzarların üzərində adətən 18-ə yaxın şəhidin adı birgə yazıldığı halda, Məşədi Əlinin baş daşında yalnız onun tək adı həkk olunmuşdur. Bunun səbəbi onunla birgə vuruşan digər azərbaycanlı döyüşçülərin adlarının o dövrdə tam müəyyənləşdirilə bilinməməsidir.
Prof.Dr. Zaur Əliyev
visiontv.az