BƏƏ müharibədə necə iştirak edəcəyini nəzərdən keçirir
03.04.2026

BƏƏ Hörmüz boğazını güc tətbiq etməklə yenidən açmaq səylərini dəstəkləməyə hazırlaşır və bu prosesdə hərbi olaraq necə iştirak edə biləcəyini nəzərdən keçirir.

Bu barədə "The Wall Street Journal" ərəb rəsmilərinə istinadən məlumat yayıb.

Xəbərə görə, BƏƏ BMT-nin təhlükəsizlik şurasında boğazın yenidən açılması üçün tədbirlərə icazə verən qətnamənin qəbuluna çalışır və Amerika ilə yanaşı Avropa və Asiyanın hərbi güclərini bu məqsədlə koalisiya yaratmağa çağırıb. Qətnamə layihəsinə Bəhreyn dəstək verir və səsvermənin cümə axşamı keçirilməsi gözlənilir.

Məlumata görə, BƏƏ minatəmizləmə və digər dəstək xidmətləri kimi rolları nəzərdən keçirir. Həmçinin ölkə Amerikanın boğazdakı strateji adaları, o cümlədən Əbu Musa adasını ələ keçirməli olduğunu da irəli sürüb.

Qəzetin sitat gətirdiyi bəyanatda BƏƏ Xarici İşlər Nazirliyi ölkə şəhərlərinə hücumları və boğazın bağlanmasını pisləyən beynəlxalq qətnamələrə işarə edərək bildirib ki, “Hörmüz boğazında gəmiçiliyin azadlığının qorunmasının vacibliyi ilə bağlı geniş qlobal konsensus mövcuddur”.

Məlumata görə, İranın son həftələrdə həyata keçirdiyi raket və pilotsuz aparat hücumları BƏƏ-nin infrastrukturuna zərər vurduqdan, hava nəqliyyatını və turizmi pozduqdan və ölkənin regional təhlükəsiz sığınacağı imicinə zərbə vurduqdan sonra bu mövqe siyasətdə ciddi dəyişiklik sayılır.

Xəbərdə qeyd olunur ki, hətta BMT qətnaməsi qəbul edilməsə belə, Ərəb körfəzi rəsmiləri BƏƏ-nin yenə də müharibə səylərinə qoşulmağa hazır olacağına inanır. Lakin qəzetin sitat gətirdiyi analitiklər xəbərdarlıq ediblər ki, belə bir addım Əmirlikləri İran ilə münaqişəyə daha dərindən cəlb edə və ölkəni əlavə hücumlara məruz qoya bilər.

visiontv.az