Fələstin Prezidenti Mahmud Abbas oktyabrın 29-30-da Kiprə işgüzar səfər edəcək. Səfər proqramına Prezident Nikos Xristodulidislə danışıqlar və işçi nahar daxildir.
Visiontv.az "Cyprus Mail" nəşrinə istinadən xəbər verir ki, tərəflər ikitərəfli münasibətləri, Qəzzadakı humanitar vəziyyəti, İordan çayının qərb sahilində və Şərqi Qüdsdə baş verənləri müzakirə edəcəklər.
Bu xəbər Türkiyənin sosial şəbəkə seqmentində Azərbaycana qarşı səsləndirilmiş ittihamlar fonunda xüsusi diqqət çəkir. Həmin iddialara Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun sentyabrın 23-də Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində kiprli həmkarı Konstantinos Kombosla görüşü bəhanə olmuşdu.
Nazirlər həmin görüşdə siyasi dialoqun davam etdirilməsini, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığını, regional prosesləri və Cənubi Qafqazda sülhün təmin olunması istiqamətində səyləri müzakirə etmişdilər.
Lakin bəzi türkiyəli şərhçilər adi diplomatik görüşü Bakıya qarşı ittiham fürsətinə çevirməyə çalışdılar. Görüş barədə məlumatlar sosial şəbəkələrdə Azərbaycan əleyhinə şərhlərlə yayıldı. Ayrı-ayrı media qurumları da bu müzakirələrə qoşuldu. Məsələn, "Doğruhaber" nəşri Kipr tərəfi ilə təmasların Azərbaycan-Türkiyə qardaşlığına uyğunluğunu sual altına aldı.
İndi isə Kiprə Fələstin prezidenti gedir. Üstəlik, söhbət prezident sarayında qəbulun və ən yüksək səviyyədə danışıqların nəzərdə tutulduğu işgüzar səfərdən gedir. Bu, iki nazirin beynəlxalq tədbir çərçivəsində görüşündən əhəmiyyətli dərəcədə yüksək səviyyəli təmasdır.
Bayramovla Kombosun görüşünə bu qədər sərt reaksiya verənlər Abbasın səfərini necə qiymətləndirəcəklər? Yenə eyni qətiyyətlə ittihamlar səsləndirəcəklər, yoxsa bu dəfə dialoqun vacibliyi və diplomatik zərurət barədə izahlar tapılacaq?
Xüsusilə Azərbaycana qarşı kəskin çıxışlarını Fələstinə dəstək şüarları ilə müşayiət edənlərin reaksiyası maraqlı olacaq. M.Abbasın səfəri onları cavabı asan olmayan sualla üz-üzə qoyur: Fələstin rəhbərliyi Nikosiya ilə daha yüksək səviyyədə münasibətlər qurduğu halda, Bakının nazirlər səviyyəsində diplomatik təması niyə qınaq obyektinə çevrilməli idi?
Abbasın səfərinin özü bu cür ittihamlar üçün əsas yaratmır. Qəzzaya yardımın, ikitərəfli münasibətlərin və regional problemlərin müzakirəsi diplomatiyanın əsas vəzifələrindəndir. Elə buna görə də Azərbaycan xarici işlər nazirinin kiprli həmkarı ilə görüşünü qəbahət kimi təqdim etmək cəhdləri əsassız görünür.
Danışıqlar masası arxasında əyləşmək qarşı tərəfin bütün mövqeləri ilə razılaşmaq demək deyil. Belə bir görüş avtomatik olaraq müttəfiqlik öhdəliklərindən imtinanın sübutu da sayıla bilməz.
Abbasın görüşünə reaksiyanı hələ görəcəyik. Ancaq bu səfər Bakıya irad bildirənlər üçün artıq ardıcıllıq sınağıdır. Fələstin prezidentinin Kiprdə ən yüksək səviyyəli danışıqlarına diplomatik izah tapılacaqsa, iki nazirin görüşünə bu qədər nümayişkaranə qəzəbin səbəbi nə idi?
visiontv.az