İlham Əliyev əksər görüşlərində adi bir hadisəni ciddi siyasi-diplomatik hadisəyə çevirməyi çox gözəl bacarır
İlham Əliyev əksər görüşlərində adi bir hadisəni ciddi siyasi-diplomatik hadisəyə çevirməyi çox gözəl bacarır
09.09.2026 Şöhrət El-Dəniz Tərəfindən

Əvvala onu deyim ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev əksər görüşlərində, bu beynəlxalq səviyyəli tədbirlər, prezidentlərlə və yaxud sıravi vətəndaşla görüş olsun fərq etməz adi bir hadisəni ciddi siyasi-diplomatik hadisəyə çevirməyi çox gözəl bacarır.

Bunu Bişkekdə İran prezidenti Məsud Pezeşkianla görüşdə də nümayış etdirdi. Beləki Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə İran Prezidenti Məsud Pezeşkian arasında baş tutan qısa görüş mənim fikrimcə diplomatik protokoldan kənar 2 ciddi epizodla yadda qaldı. Stolun üzərindəki su şüşələri və dil seçimi bu dəfə danışıqların əsas arqumentinə çevrildi desəm yanılmaram. Görüş zamanı İran tərəfdən Pezeşkianın köməkçisi ona Borjomi suyu təqdim etdi. Cavab olaraq Prezident İlham Əliyev masanın üstündə olan Kəlbəcərin “İstisu” mineral suyundan içməyi təklif etdi və özü də nümunə göstərdi. Daha sonra söhbət Naxçıvanın “Badamlı” və “Sirab” suları ətrafında davam etdi. Eyni zamanda görüşün açıq hissəsində İlham Əliyevin İran nümayəndə heyətinin qarşısında Azərbaycan dilində müraciət etməsi və Pezeşkianı da bu dildə cavab verməyə təşviq etməsi diqqət çəkdi. İlk baxışdan səmim hadisə kimi görünən bu hadisədə dediyim kimi iki məqam ciddi siyasi mesaja çevrildi.

Birinci mesaj: “Zəngəzur dəhlizi”nin iqtisadi-coğrafi əsaslandırması. Son illərdə İranın radikal yönümlü rəsmi dairələri “Zəngəzur dəhlizi” ideyasına ehtiyatla yanaşır və bunu bölgədə digər kommunikasiyaların açılmasına təhlükə yaratdığını bildirir. Bu baxımdan Prezident İlham Əliyevin seçdiyi məhsullar təsadüfi deyildi. Kəlbəcərin İstisuyu Şərqi Zəngəzur iqtisadi rayonunun əsas brendlərindən biridir. 30 il işğalda qaldıqdan sonra bərpa olunan kurort infrastrukturu ilə Azərbaycanın bu əraziyə qayıdışının simvoludur. Badamlı və Sirab isə Azərbaycanın əsas ərazisindən kənarda qalan Naxçıvan Muxtar Respublikasının əsas ixrac brendləridir. İki məkanın məhsullarını bir masa üzərinə qoymaqla verilən mesaj isə açıqdır: “İstisu” və “Badamlı-Sirab” arasındakı fiziki bağlılıq məhz Zəngəzur dəhlizi ilə təmin oluna bilər. Yəni söhbət tək Tehranın təqdim etdiyi kimi hərbi-logistikadan deyil, su, kənd təsərrüfatı, turizm və ticarətin birləşməsindən gedir. Bu, İrana qarşı bir təzyiq deyil, əksinə “bölgə iqtisadiyyatını birləşdirən dəhliz hamı üçün faydalıdır” tezisinin yumşaq nümayişi kimi oxunur. Əslində su diplomatiyası Qafqazda yeni deyil. Amma bu dəfə su brendləri birbaşa ərazi və kommunikasiya mübahisəsinin üzərinə qoyuldu.

İkinci mesaj. Dil məsələsi və İranda yaşayan azərbaycanlılar faktorudur. Protokol adətən rəsmi görüşlərdə hər iki tərəfin öz dövlət dilində danışmasını, tərcüməçidən istifadəni nəzərdə tutur. Prezident İlham Əliyevin İran prezidentini Azərbaycan dilində danışmağa yumşaq desəm vadar etməsi daha çox simvolik jest idi. Burada da iki qat məna var. Bir. Azərbaycan dilinin regionda dövlət dili səviyyəsində istifadə olunduğunu göstərmək. İki. İranda təxminən 25-30 milyon civarında yaşayan azərbaycanlı əhalinin dil məsələsini xatırlatmaq. Rəsmi Bakı illərdir bu mövzuda birbaşa bəyanatlar verməkdən çəkinir, amma mədəni-humanitar sahədə İranda ana dil vurgusunu gücləndirir. Pezeşkianın özü Güney Azərbaycan əsilli siyasətçidir və seçkiqabağı kampaniyada ana dilində təhsil məsələsinə toxunmuşdu. Ona görə də onun Azərbaycan dilində cavab verməsi Tehran üçün daxili balans məsələsi, Bakı üçün isə bizim ortaq dilimiz var mesajı idi.

Nəticə olaraq bu görüşdən mən 2 əsas nəticə çıxartdım. Birincisi, Azərbaycan artıq Zəngəzur dəhlizi mövzusunu yalnız xəritə və müqavilələrlə deyil, iqtisadi brendlər, turizm və gündəlik həyat vasitəsilə izah edir. “Zəngəzur dəhlizi ilə razlaşın, ondan sonra bu marşurutla su da, turist də, yük də gedəcək” məntiqi Tehrana daha başa düşülən dildə çatdırılır. İkincisi, dil faktoru Bakı-Tehran münasibətlərində yeni alətə çevrilir. Birbaşa siyasi tələblər olmadan, sadəcə Azərbaycan dilində salamlaşma və söhbət vasitəsilə 30 milyonluq auditoriyaya siqnal verilir. Yəni Bişkekdəki 5 dəqiqəlik epizod böyük müqavilə doğurmaya bilər. Amma diplomatiyada bəzən bir şüşə su və bir cümlə yüz səhifəlik notadan daha çox işləyir. Bu baxımdan Prezidrent İlham Əliyev bu dəfə həm xəritəni, həm də lüğəti masanın üstünə qoydu.

Şöhrət El-Dəniz