Azərbaycan Cənubi Qafqazın İsveçrəsi ola bilərmi?
Azərbaycan Cənubi Qafqazın İsveçrəsi ola bilərmi?
12.10.2026 Şöhrət El-Dəniz Tərəfindən

Məşhur politoloq Corc Fridmanın Azərbaycanla bağlı son tezisləri diqqətimi çəkdi. Və bu barədə şərh yazdım.

STRATFOR-un qurucusu Corc Fridman Azərbaycanla bağlı maraqlı fikir irəli sürüb. O öz sosial hesabında yazıb ki, kiçik ölkə böyük sərvətə çevrilir və sağ qalmaq üçün İsveçrə modelini təkilf edə bilər. Və yaxud etməlidir. Fridman bununla nə demək istəyir?

Azərbaycan bu gün eyni anda hər kəsə lazımdır:

Bir. Avropaya. Rus qazını əvəz edəcək alternativ qaz lazımdır. TAP, TANAP məhz buna görədir. İki. Çinə. Rusiyadan yan keçib Avropaya gedəcək Orta Dəhliz lazımdır. Bu dəhlizin açarı, Zəngəzur dəhlizi, Ələt limanı və Bakı-Tbilisi-Qars dəmir yoludur. Üç. Rusiyaya. Sanksiyalardan yayınmaq üçün Şimal-Cənub dəhlizi lazımdır. Bu dəhliz Astaradan keçir.

Dörd. Türkiyə və İsrailə. Enerji və hərbi müttəfiq lazımdır.

Beş. ABŞ və Britaniyaya. Xəzərdə sabit, proqnozlaşdırılan tərəfdaş lazımdır.

Tarixdə isə eyni anda hamıya lazım olan ölkələr adətən ciddi problemlər yaşayır. Çünki hamı onu öz tərəfinə çəkmək istəyir. Fridman deyir ki, Azərbaycanın sağ qalmaq üçün bir yolu var. Heç kimin tərəfini tutmamaq, amma hamı üçün vazkeçilməz olmaq. Məsələn İsveçrə kimi.

Bəs İsveçrə modeli nədir və Azərbaycana uyğun gəlirmi?

İsveçrə 3 sütun üzərində dayanıb.

Bir. Silahlı neytrallıq. İsveçrə heç bir hərbi bloka girmir, amma ordusu elə güclüdür ki, ona hücum etmək baha başa gələr.

Hazırda Azərbaycan faktiki olaraq bunu edir. Nə KTMT-da, nə də NATO-da deyil. Amma 2020-23-cü il Qarabağ əməliyyatları ilə göstərdi ki, öz ərazisini qorumağa qadirdir.

İki. Hamı üçün faydalı olmaq. İsveçrə birinci və ikinci Dünya Müharibəsində almanların da, fransızların da, amerikalıların da pulunu saxlayırdı. Ona görə heç kim onu bombalamadı.

Azərbaycan da indi enerji və logistika bankına çevrilir. Avropa qazını Azərbaycandan alır, Rusiya yükünü Azərbaycandan keçirir, Çin konteynerlərini Azərbaycandan daşıyır. Sən hamının pulunu saxlayanda, səni dağıtmaq heç kimə sərf etmir.

Üç. Stabilləşdirici olmaq. İsveçrə qonşularını işğal etməyə çalışmadı, əksinə onlara danışıqlar masası verdi.

Azərbaycan müharibədən sonra sülh gündəliyi təşəbbüsü ilə məhz bu rola iddia edir. Ermənistana sülh müqaviləsi və Zəngəzur dəhlizindən faydalanmaq təklifi, Gürcüstana enerji habı olmaq təklifi məhz bu məntiqə söykənir. Yəni mən güclüyəm, amma sizi udmaq yox, sizinlə qazanmaq istəyirəm mesajı verir.

Gördüyünüz kimi Fridmanın modeli ideal səslənir, amma əmma odur ki Qafqaz İsveçrə deyil. Azərbaycanı 3 imperiya xislətli böyük ölkələr əhatə edir. Şimalda Rusiya, cənubda İran, qərbdə Türkiyə. Neytral qalmaq Alp dağlarında asandır, burda isə çətin. O cümlədən İsveçrənin sərhəd problemi yoxdur. Azərbaycanda isə Ermənistanla sülh müqaviləsi hələ imzalanmayıb. Sərhədlər tam delimitasiya olunmayıb. Bu yara sağalmadan tam İsveçrə olmaq çətindir. Nəhayət İsveçrə modeli o zaman işləyir ki, böyük güclər sənin neytrallığını qəbul etsin. 1815-ci ildə Vyana konqresi İsveçrənin neytrallığını tanıdı. Bu gün dünyada elə konqres yoxdur. ABŞ, Rusiya və Çin arasında gedən qlobal qarşıdurmada mən neytralam demək, bəzən sən bizimlə deyilsən kimi başa düşülür. Amma

Fridman o məsələdə haqlıdır ki, Azərbaycan İsveçrə olmağı arzuladığı üçün yox, məcbur olduğu üçün İsveçrə olacaq.

Əgər Bakı bir qütbə yaxınlaşsa, dərhal digər qütblər tərəfindən problemlə qarşılaşacaq.

Ona görə Bakının strategiyası incə tarazlıq üstündə qurulub. Qərbə qaz sat, amma Moskvaya mən anti-Rusiya deyiləm de.

Çinə dəhliz ver, amma ABŞ-a bu, İpək Yoludur, təhlükəsizlik layihəsi deyil de. Türkiyə ilə müttəfiq ol, amma İranla sərhəddə sakitlik saxla.

Təbii ki, bu Bakı üçün asan deyil, amma İsveçrə olmaq da idealist bir arzu deyil. Cənubi Qafqazda sağ qalmağın soyuq, praqmatik formuludur.

Bir bir və ya daha çox şəxs şəkili ola bilər

Şöhrət El-Dəniz

visiontv.az