Ayxan Hacızadə Fransa XİN rəhbərinə cavab verib: Parisi Azərbaycanla bağlı əsassız iddialara son qoymağa çağırırıq
14.10.2026

"Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baronun 13 oktyabr tarixində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) “Etimadın qurulması və demokratiyanın möhkəmləndirilməsi üzrə Qlobal Forumun”da çıxışı zamanı növbəti dəfə Azərbaycanı əsassız iddialarla hədəf almasını qətiyyətlə pisləyirik".

Bu barədə  Xarici İşlər Nazirliyinin mətbuat katibi  Ayxan Hacızadə Fransanın  Avropa və xarici işlər naziri Jan-Noel Baronun İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının tədbirində  Azərbaycan əleyhinə səsləndirdiyi iddiaya münasibət bildirərkən deyib. 

O bildirib ki, fransalı nazirin  Azərbaycana qarşı ittihamları Fransa tərəfinin  Azərbaycanla münasibətlərdə qarşıdurma ritorikasından hələ də əl çəkə bilmədiyini göstərir.

"Azərbaycanı Yeni Kaledoniya və Fransanın digər dənizaşırı ərazilərindəki yaşayan xalqların hüquqları uğrunda apardıqları mübarizəyə müdaxilədə ittiham etmək tamamilə əsassızdır. Fransanın dənizaşırı ərazilərində baş verən proseslərə dair fərqli mövqeləri olan tərəfləri əsassız şəkildə xarici müdaxilə ilə əlaqələndirmək həmin ərazilərin əhalisinin iradəsini və narahatlıqlarını kölgədə qoymaq cəhdidir.

Demokratiya, insan hüquqları və hüququn aliliyi barədə danışan Fransa rəsmilərinin, ilk növbədə, bu prinsiplərin Fransanın siyasətində ardıcıl tətbiqinə diqqət yetirməsi daha məqsədəuyğun olardı.

Fransa tərəfini  Azərbaycanla bağlı əsassız iddialara son qoymağa, beynəlxalq münasibətlərdə qarşılıqlı hörmət, suveren bərabərlik və daxili işlərə qarışmamaq prinsiplərinə riayət etməyə çağırırıq", - XİN rəsmisi vurğulayıb.

visiontv.az