Avropa mediasında İran müharibəsində üç əsas diskurs çərçivəsində təqdim olunur
01.04.2026

Məlumdur ki, son 1 ay ərzində coğrafi mövqeyindən asılı olmayaraq hər bir kəs tərəfindən müzakirə edilən mövzu İsrail, ABŞ və İran arasındakı müharibədir. Bu kontekstdə müxtəlif dövlət və coğrafiyalarda proseslər haqqında informasiya məkanında yayılan tezislər maraq kəsb edir. Dünyanın aparıcı siyasi məkanlarından biri olan Avropa mediasında məsələlərin hansı kontekstdə işıqlandırılması Brüssel, Paris, London, Berlin və digər mərkəzlərin məsələlərə münasibəti sarısından diqqət ediləsi məqamdır. Avropa informasiya məkanında bu münaqişə tərəflərə görə fərqli siyasi və ideoloji çərçivələrdə təqdim olunur. BBC, Reuters, Deutsche Welle, France 24, Euronews və Politico Europe və digər media platformalarının materialları maraq doğurur.

Kontent-analiz göstərir ki, Avropa mediasında ən çox istifadə olunan anlayışlar “təhlükəsizlik”, “nüvə silahı”, “demokratiya”, “beynəlxalq hüquq”, “rejim” anlayışlarıdır. Bu anlayışların istifadəsi təsadüfi xarakter daşımır və siyasi diskursun formalaşdırılması funksiyasını yerinə yetirir.

İranla bağlı materiallarda daha çox “nüvə proqramı”, “nüvə təhlükəsi”, “İran rejimi”, “sanksiyalar”, “insan hüquqları”, “demokratiya problemi” kimi ifadələr istifadə olunur. Bu isə İran hakimiyyətinin Avropa mediasında əsasən təhlükə və siyasi problem mənbəyi kimi təqdim edildiyini göstərir. Burada diqqət çəkən əsas məqam İranın dövlət kimi deyil, daha çox “rejim” kimi təqdim olunmasıdır ki, bu da siyasi leksikonun seçimi vasitəsilə formalaşdırılan yanaşmadır. Daha doğrusu, təəsürat ondan ibarətdir ki, vahid və sabit İranın lehinə olanlar çoxluq təşkil edir, lakin İrandakı hakimiyyətə münasibət daha çox mənfidir.

İsrail ilə bağlı materiallarda isə əsas vurğu “təhlükəsizlik”, “özünümüdafiə”, “HƏMAS və İran təhlükəsi”, “raket hücumları”, “müdafiə hüququ” kimi anlayışlar üzərində qurulur. Bu isə İsrailin hərbi fəaliyyətinin daha çox təhlükəsizlik və özünümüdafiə kontekstində legitimləşdirildiyini göstərir. Lakin. Qəzza, Fələstin, İranın ərazi bütövlüyü kimi mövzularda informasiya İsrailin əleyhinədir.

ABŞ ilə bağlı materiallarda isə fərqli diskurs müşahidə olunur. ABŞ əsasən “demokratiya”, “beynəlxalq hüquq”, “qlobal təhlükəsizlik”, “müttəfiqlərin müdafiəsi”, “regional sabitlik” kimi anlayışlar vasitəsilə təqdim olunur. Bu isə ABŞ-ın Avropa mediasında daha çox beynəlxalq sistemin təminatçısı və normativ güc kimi təqdim edildiyini göstərir. Lakin, Tramp və Netanyahunun siyasəti ilə bağlı informasiya məkanında yazılar heç də müsbət deyil, bəzən kifayət qədər tənqidi materiallara rast gəlirik.

Beləcə, Avropa mediasında bu münaqişə üç əsas diskurs çərçivəsində təqdim olunur:

İran – nüvə təhlükəsi və rejim problemi

İsrail – təhlükəsizlik və özünümüdafiə hüququ

ABŞ – demokratiya və beynəlxalq hüquq aktoru

Bu yanaşma beynəlxalq münasibətlərdə “media framing” adlanan hadisəni göstərir. Yəni media hadisəni sadəcə məlumat kimi yox, müəyyən siyasi çərçivə daxilində təqdim edir və bu, ictimai rəyin formalaşmasına ciddi təsir göstərir.

Beləliklə, Avropa mediasında münaqişələrin işıqlandırılmasında əsas diqqət hüquqi kateqoriyalardan (beynəlxalq hüquq, ədalət, legitimlik, ərazi bütövlüyü və s.) daha çox təhlükəsizlik, sabitlik, risk, eskalasiya, nüvə təhlükəsi, regional müharibə ehtimalı kimi anlayışlara yönəlir. Yəni hadisələr “kim haqlıdır?” sualı ilə deyil, daha çox “kim təhlükə yaradır?”, “müharibə olacaqmı?”, “region sabit qalacaqmı?” sualları ilə təqdim olunur. Bu isə o deməkdir ki, media diskursunda normativ-hüquqi yanaşmadan daha çox realist və təhlükəsizlik yönümlü yanaşma üstünlük təşkil edir.

Məsələn, Avropa mediasında Iran ilə bağlı materiallarda İranın ərəb ölkələrinə, xüsusilə regionda müxtəlif silahlı qruplar vasitəsilə təsir imkanları, raket və dron hücumları, regionda gərginliyi artıran addımları ciddi şəkildə tənqid olunur. Bu tənqid əsasən “regional sabitliyin pozulması”, “eskalasiya”, “təhlükəsizlik riski”, “İranın təsir dairəsini genişləndirməsi” kimi anlayışlarla ifadə olunur. Yəni burada əsas vurğu beynəlxalq hüququn pozulmasından daha çox region üçün yaranan təhlükə və risklər üzərində qurulur.

Eyni zamanda Avropa mediasında Israilin Yaxın Şərqdə həyata keçirdiyi hərbi əməliyyatlara da birmənalı yanaşma yoxdur və bu əməliyyatlar da tez-tez tənqid olunur. Xüsusilə mülki itkilər, humanitar vəziyyət, şəhərlərin dağıdılması, fələstinlilərin vəziyyəti kimi məsələlər Avropa mediasında ciddi tənqid obyektinə çevrilir. Burada isə daha çox “humanitar hüquq”, “proporsionallıq”, “mülki əhali”, “insan hüquqları” kimi anlayışlar ön plana çıxır.

Avropa mediasında eyni münaqişə müxtəlif aktorlar üzrə fərqli diskurs çərçivələrində təqdim olunur. Lakin ümumi mənzərəyə baxdıqda yenə də təhlükəsizlik diskursu daha güclü görünür. Çünki həm İranla bağlı materiallarda, həm də İsraillə bağlı materiallarda yazıların böyük hissəsi münaqişənin genişlənməsi, böyük müharibə ehtimalı, enerji təhlükəsizliyi, miqrasiya riski, nüvə silahı təhlükəsi kimi məsələlərə həsr olunur.

Eyni zamanda Aİ üçün əsas məsələlərdən biri - münaqişənin Avropa və dünya üçün hansı təhlükə və risklər yaratmasıdır. Qısacası, Avropa mediası Yaxın Şərqdə baş verən prosesləri “kim haqlıdır?” prizmasından daha çox “kim təhlükə yaradır və bu, dünyaya necə təsir edəcək?” prizmasından təqdim edir.

Politoloq Zaur Məmmədov

visiontv.az