Onların bir çoxu çox yaxşı başa düşürlər ki, İranın bu savaşda qalib gəlməsi mümkün deyil, ABŞ və İsrail çox uğurlu əməliyyatlar keçirir. Buna rəğmən tam əks təbliğat aparırlar. Bu əks təbliğat Türkiyənin daxili və xarici siyasət prioritetlərdən irəli gəlir.
Daxili faktor budur ki, son seçkilərin nəticələrinə əsasən, Ərdoğan iqtidarı ictimai rəydə müxalif CHP-ə uduzur. Ərdoğanın uğurlarını hər zaman sağ mərkəz təmin edib. Sağ mərkəzi AKP ətrafında saxlamaq üçün yeni "dış mıhrak" hekayəsinə ehtiyac var. Hakimiyyətə bağlı Türkiyə mediası bu işin öhdəsindən uğurla gəlir.
İkincisi, müxalifətin əsas qüvvəsi sol mərkəzdir. Onlar da yaranışlarından anti-imperalist ruha malikdirlər. ABŞ bir yerdə əməliyyat aparısa- bu İran oldu, ya başqa bir yer- Türkiyənin solçuları ABŞ əleyhdarlığı nümayiş etdirəcək.
Üçüncüsü, Türkiyə mediasında yetərincə İran, Ərəb, Rusiya, Çin təəssübkeşliyi var. Onlar da işin içərisinə girincə, xor düzəlir və hamısı bir ağızdan "SİYONİZM" qışqırırlar.
Xarici siyasət amilləri isə daha maraqlıdır.
Ərəb ölkələri Osmanlıdan müstəqillik qazanıblar. Türkiyə isə öz müstəqilliyini Atatürkin qurtuluş savaşı ilə Qərb ölkələrindən əldə edib. Cümhuriyyətin ilk vaxtlarında Türkiyə ərəb dünyasından məsafəli davranırdı. Bağdad paktı ilə 50-ci illərdə Türkiyə yaxın şərqin ağsaqqalı olmaq, bununla da ABŞ-ni bir az "sağmaq" istədi. Xarici işlər naziri Fuad Körpülü bu yöndə gərgin zəhmət çəkdi. Amma məlum oldu ki, ərəb ölkələri Türkiyəni qəbul etmirlər. Bununla da məsələ səngidi.
İndi "Yeni Türkiyə" ərəb ölkələrinə deyir ki, sizin İsrailə qarşı mübarizəniz nəticə verməyib, yığışın başıma, birlikdə hərəkət edək. Ərəb ölkələri Türkiyənin İsraili tanıyan ilk müsəlman dövləti olduğunu bilir. Üstəlik, Türkiyənin ABŞ-ın kontrolunda olduğunun da fərqindədir.
Odur ki, ərəblər Ankaraya deyirlər ki, biz ABŞ-la sizin üzərinizdən yox, birbaşa anlaşmaq istəyirik.
İsrailə gəlincə, "İbrahim anlaşmaları" ilə bir çox ərəb ölkələri Təl-Əvivlə konfliktdən çəkinməyə, problemləri masada çözməyə üstünlük verirlər.
Nəticə etibarı ilə Türkiyənin anti-sionist təbliğatı onu regionun liderinə çevirmir, əksinə, rasional xarici siyasətdən uzaqlaşdırır. Diqqət edirsinizsə, Türkiyə nə zaman Türk Dünyasına ağırlıq verib, uğur qazanıb, nə zaman ərəbləri prioritet sayıb, zərər görüb.
İsrailin guya Türkiyə torpaqlarını ələ keçirmək planlarının olması barədə deyilənlər isə savadsız kütlə üçün uydurulmuş mifdir.
Əvvəla, Türkiyənin təhlükəsizlik konsepsiyasında İsrail hücumlarından müdafiə barədə bir cümlə də olsun yoxdur. Risk olsaydı, bu məsələ öz əksini tapardı.
İkincisi, "Böyük İsrail" ideologiyası İordaniya ilə müqavilədən sonra əhəmiyyətsizləşib və İsrail siyasi sistemində marginallaşıb. İndi İsraildə "Nildən Firata qədər" danışan adamları başdanxarab hesab edirlər. Bu, vaxtilə revizionist sionizm ideologiyasının mənsublarının ortaya atdığı bir şüar idi, indi heç kim üçün cəlbedici deyil.
Keçən məqalələrimin birində də vurğulamışdım, ən doğru o olardı ki, Azərbaycan-Türkiyə-İsrail Paktı ortaya qoyulsun və bölgənin sekulyar dövlətləri kimi post-İran dövründə ümumi təhlükəsizlik arxitekturasının nüvəsini təşkil etsin. Unutmayaq ki, İranın sıradan çıxması bölgə üçün çox ciddi fürsətlər yaradır, lakin İŞİD, PKK kimi terror qruplarının kökünü kəsmir.
Taleh Şahsuvarov
visiontv.az