Avropa dövlətləri İsrailə qarşı: İordan çayının Qərb sahilində yaşayış məntəqələri qanunsuzdur
22.08.2026

Almaniya, Böyük Britaniya, İtaliya və Fransa İsraili Qüds yaxınlığındakı E-1 zonasında yəhudi məskunlaşanlar üçün yaşayış evlərinin tikintisi planlarını dərhal geri götürməyə və İordan çayının Qərb sahilində yaşayış məntəqələrinin genişləndirilməsini dayandırmağa çağırıblar.

Bu barədə dörd  Avropa ölkəsinin liderlərinin birgə bəyanatında bildirilib. Onlar İsrailin E-1 layihəsi çərçivəsində tikinti üçün tender elan etmək qərarını qəbuledilməz adlandırıb və bu ərazidə tikintinin münaqişənin iki dövlətin birgə mövcudluğuna əsaslanan həlli perspektivlərini sarsıdacağını bildiriblər.

Bəyanatda qeyd olunur ki, E-1 zonasında tikinti Fələstin ərazilərinin ərazi bütövlüyünü poza bilər. Çünki bu, Qərb sahilinin şimal və cənub hissələri arasında maneə yaradacaq. 

"Beynəlxalq hüquq açıq şəkildə müəyyən edir ki, İordan çayının Qərb sahilində İsrail yaşayış məntəqələri qanunsuzdur", - deyə bəyanatda bildirilir.

Avropa liderləri həmçinin Qərb sahilindəki qeyri-sabitlikdən, mülki əhaliyə qarşı məskunlaşanlar tərəfindən törədilən zorakılığın yüksək səviyyəsindən və Fələstin iqtisadiyyatına tətbiq edilən məhdudiyyətlərdən narahatlıqlarını ifadə ediblər.

Onlar İsraili yaşayış məntəqələrinin genişləndirilməsini dayandırmağa çağıraraq bildiriblər ki, bu cür addımlar sülh perspektivini uzaqlaşdırır və ölkənin beynəlxalq nüfuzuna xələl gətirir.

Bundan əlavə, Avropa ölkələri şirkətləri E-1 zonasında keçiriləcək tikinti tenderlərində iştirak etməməyə çağırıb, mümkün hüquqi və reputasiya riskləri barədə xəbərdarlıq ediblər.

visiontv.az