Onlarla Mərakeşdən olan miqrant sürətli qayıqlar və hidrosikllərlə İspaniyanın materik hissəsinin sahillərinə çatıb.
Visiontv.az "EuropaSur"a istinadən verdiyi məlumata görə, miqrantların sahilə çıxarılması Cəbəllütariq boğazı ərazisində, o cümlədən Alxesiras və La-Linea-de-la-Konsepsion yaxınlığında baş verib.
Nəşrin məlumatına görə, bu daşımaları qanunsuz miqrasiya ilə məşğul olan cinayətkar qruplaşmalar təşkil edir. Miqrantlar birbaşa sahilə yaxın ərazilərdə düşürülür, daha sonra isə özləri çimərliklərə çıxaraq ərazidə gizlənirlər.
Avqustun 17-də Alxesirasda səhər tezdən Punta Karnero mayakının yaxınlığındakı Kala-Sekreta körfəzinə qayıqla gələn Şimali Afrika ölkələrindən olan dörd miqrant saxlanılıb. Şahidlərin sözlərinə görə, qayığın göyərtəsində 15-20 nəfər olub. Bu səbəbdən digər miqrantların əksəriyyəti hələ də azadlıqdadır.
Həmin gün yaxınlıqdakı əraziyə daha bir qayıq gəlib. Lakin onun göyərtəsində neçə nəfərin olduğu dəqiq müəyyənləşdirilməyib.
Bundan əvvəl cinayətkar qruplaşmalar miqrantların İspaniyanın materik hissəsinə keçirilməsi üçün Seutanı tranzit məntəqəsi kimi istifadə etməyə başlayıblar.
İyulun sonunda on minlərlə Mərakeş vətəndaşı İspaniyanın Seuta şəhərinə qanunsuz şəkildə keçib. Bu, İspaniya Ali Məhkəməsinin qanunsuz miqrantların dərhal deportasiya edilməsini qadağan edən və hakimiyyət orqanlarını onlara sığınacaq üçün müraciət etmək imkanı yaratmağa məcbur edən qərarından sonra baş verib.
visiontv.az