Antalyada qasırğa: 4 nəfər həyatını itirdi
27.10.2026

Türkiyənin cənub hissəsində baş verən tornado fəhlələrin qaldığı tikinti vaqonlarını darmadağın edib. Nəticədə dörd nəfər həyatını itirib, daha bir nəfər isə yaralanıb.

 Bu barədə "BNO News" nəşri məlumat yayıb.

Məlumata görə, qasırğa tikinti meydançasındakı iki vaqonu uçurub və qüllə kranını aşırıb. Antalya qubernatoru Hulusi Şahin bildirib ki, tornado beş işçini vaqonlardan kənara atıb. Onlardan ikisi hadisə yerində, digər ikisi isə xəstəxanaya yerləşdirildikdən sonra vəfat edib. Sağ qalan yeganə fəhlə yüngül xəsarətlər alıb və hazırda vəziyyəti qənaətbəxş hesab olunur. 

Təbii fəlakət bazar ertəsi günü Türkiyənin  Aralıq dənizi sahilində yerləşən  Antalya şəhərinin Kepez rayonunun Fevzi Çakmak məhəlləsində qeydə alınıb.

Bundan əvvəl milli meteorologiya xidməti güclü yağış təhlükəsi ilə əlaqədar bölgədə "sarı" xəbərdarlıq elan etmişdi. Yerli orqanların məlumatına əsasən, dağıntılar olduqca lokal xarakter daşıyıb: qonşu binalara ziyan dəyməyib, şəhərin digər ərazilərində başqa qasırğa və ya fırtına halları barədə məlumat daxil olmayıb.

visiontv.az