Azərbaycan tətbiqi sənətinin, milli-mədəni irsimizin və ailə-modeli art-terapiya təcrübəsinin beynəlxalq auditoriyaya təqdim edilməsi məqsədi daşıyan “Art-terapiya: Sağlamlığın və mədəniyyətin keşiyində” layihəsinin Vaşinqton mərhələsi bir sıra mədəni platformalarda keçirilən təqdimatlar, görüşlər və yeni əməkdaşlıq perspektivlərinin müzakirəsi ilə yadda qalıb.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihənin Vaşinqton mərhələsində əsas tərəfdaşımız Azərbaycan Respublikasının ABŞ-dəki səfirliyi olub. Təqdimatlar Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü ərəfəsində milli mədəniyyətimizin və tətbiqi sənət ənənələrimizin beynəlxalq səviyyədə tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyıb.
MİLLİ-MƏDƏNİ İRSİN BEYNƏLXALQ AUDİTORİYAYA TƏQDİMATI
Layihənin əsas istiqamətlərindən biri Azərbaycan xalqının tarixi yaddaşını, ailə dəyərlərini və mədəni irsini müasir tətbiqi sənət vasitəsilə təqdim etmək olub. Bu məqsədlə “Urud Abidələri”, “Dərələyəzim Vəhdətdə”, “Turan Yolu Zəngəzurum” və “Mirzə Qədim İrəvani İşığı” kolleksiyalarından nümunələr beynəlxalq auditoriyaya təqdim edilib. Kolleksiyalarda ənənəvi mücrü və sandıq formaları müasir bədii yanaşma ilə birləşdirilir. Bu nümunələr yalnız dekorativ-tətbiqi sənət məhsulları deyil, həm də ailə yaddaşının, tarixi-mədəni bağlılığın və nəsillərarası mənəvi varisliyin ifadəsi kimi təqdim olunur. Xüsusilə Qərbi Azərbaycanın tarixi-mədəni irsinin müasir tətbiqi sənət dili ilə təqdim edilməsi layihənin mühüm istiqamətlərindən birini təşkil edib. Tarixi abidələrdən və milli-mədəni yaddaşdan qaynaqlanan bədii motivlər vasitəsilə Azərbaycan irsinin beynəlxalq auditoriyaya çatdırılmasına çalışılıb. “Mirzə Qədim İrəvani İşığı” kolleksiyası “Mirzə Qədim İrəvani irsinin işığını paylaşaq” layihəsi çərçivəsində yaradılıb və milli rəngkarlıq irsinin müasir tətbiqi sənətdə yaşadılması ideyasını əks etdirir.
VAŞİNQTONUN MƏDƏNİ PLATFORMALARINDA TƏQDİMATLAR
Oktyabrın 15-də Amerika Dövlətləri Təşkilatının (OAS) mənzil-qərargahında keçirilən “Oil and Icon” sərgi proqramı çərçivəsində layihənin sənət nümunələri ayrıca təqdim olunub. Bu təqdimat Azərbaycan tətbiqi sənətinin beynəlxalq mədəni mühitdə tanıdılması və onun ifadə imkanlarının nümayişi baxımından əhəmiyyət daşıyıb. Oktyabrın 16-da ABŞ–Azərbaycan Ticarət Palatası və Azərbaycan Respublikasının ABŞ-dəki səfirliyinin iştirakı ilə keçirilən “Azerbaijan Culture Day: Patterns, Colors & Stories” tədbirində də Azərbaycan mədəniyyətinin müxtəlif istiqamətləri nümayiş etdirilib. Tədbir çərçivəsində Azərbaycan Milli Xalça Muzeyi tərəfindən qurama sənəti təqdim olunub. “Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım” İctimai Birliyi isə öz növbəsində “Art-terapiya: Sağlamlığın və mədəniyyətin keşiyində” layihəsini, Sərdarlı ailəsinin yaratdığı sandıq və mücrü nümunələrini təqdim edərək onların tarixi-mədəni məzmunu barədə məlumat verib. Beləliklə, hər iki təqdimat Azərbaycan tətbiqi sənətinin fərqli ənənə və ifadə formalarını nümayiş etdirib. Oktyabrın 18-də ATA-DC təşkilatının təşkilatçılığı ilə ABŞ paytaxtının Pensilvaniya prospektində, Kapitoli binasının yaxınlığında keçirilən 24-cü Ənənəvi Türk Festivalında da layihənin nümunələri geniş ictimaiyyətə nümayiş etdirilib. Çoxsaylı ziyarətçilərin qatıldığı festival Azərbaycan mədəniyyətinin və tətbiqi sənət ənənələrinin müxtəlif auditoriyalara çatdırılması üçün əlavə imkan yaradıb.
CORC VAŞİNQTON UNİVERSİTETİNİN MUZEYİNDƏ TƏQDİMAT
Oktyabrın 19-da The George Washington University Museum and The Textile Museum ilə əlaqəli görüş və təqdimat keçirilib. Muzey direktorunun xüsusi köməkçisi Ana Kiss Lalə Sərdarlı və Toğrul Sərdarlını muzeyə dəvət edib. Görüş zamanı “Urud Abidələri” kolleksiyasına daxil olan “Urudun ailə şəfəqi” adlı mücrü muzey nümayəndələrinə təqdim olunub. Nümunənin təqdimatı Azərbaycan tətbiqi sənətinin, milli ornament və bədii ənənələrin, eləcə də mücrü formasında ifadə olunan ailə yaddaşının akademikmuzey mühitində tanıdılması baxımından əhəmiyyət daşıyıb. Təqdimat çərçivəsində sənət nümunəsinin ideyası və onun bağlı olduğu mədəni kontekst barədə də məlumat verilib. Bu cür təqdimatlar gələcəkdə maarifləndirici görüşlərin, ustad dərslərinin və mədəni irsin öyrənilməsinə yönələn təşəbbüslərin müzakirəsi üçün zəmin yarada bilər.
AİLƏ-MODELLİ ART-TERAPİYA TƏCRÜBƏSİ VƏ ELMİ ARAŞDIRMA PERSPEKTİVLƏRİ
Layihənin fərqləndirici cəhətlərindən biri tətbiqi sənəti yalnız bədii yaradıcılıq və irsin qorunması vasitəsi kimi deyil, eyni zamanda insanın daxili dünyası, ailə münasibətləri və sosial rifahı ilə əlaqəli təcrübə kimi təqdim etməsidir. Sərdarlı ailəsinin yaradıcılıq təcrübəsində formalaşmış ailə-modeli art-terapiya yanaşması ailə üzvlərinin birgə yaradıcılığı, ortaq məqsəd ətrafında birləşməsi və sənət vasitəsilə özünüifadəsi üzərində qurulub. Layihə bu şəxsi təcrübəni daha geniş auditoriyaya çatdırmaqla yanaşı, onun gələcəkdə elmi baxımdan araşdırılması və metodoloji cəhətdən qiymətləndirilməsi imkanlarına da diqqət çəkir. Bu məqsədlə ailənin təcrübəsini, yaranma tarixçəsini və tətbiq etdiyi yanaşmanı izah edən təqdimat materialları ABŞ-də art-terapiya sahəsində fəaliyyət göstərən akademik mühitə çatdırılıb. Materiallar Corc Vaşinqton Universitetinin Art-terapiya Proqramının rəhbəri professor Heydi Bardota (Heidi Bardot) təqdim olunub. Corc Vaşinqton Universitetinin Art-terapiya Proqramı bu sahədə uzunmüddətli təcrübəyə, akademik hazırlıq və klinik istiqamətləri birləşdirən yanaşmaya malik proqramlardan biri kimi tanınır. Proqramın elmi və peşəkar fəaliyyəti art-terapiya sahəsində təcrübələrin araşdırılması, mütəxəssis hazırlığı və travma ilə iş kimi istiqamətləri əhatə edir. Ailə-modeli art-terapiya təcrübəsinin belə bir akademik mühitə təqdim edilməsi onun elmi cəhətdən araşdırılması və gələcəkdə mümkün metodoloji yanaşmaların formalaşdırılması baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir. Bununla belə, bu təcrübənin başqalarına tətbiqi və mümkün terapevtik təsirləri barədə nəticələr müvafiq elmi araşdırmalar və mütəxəssis qiymətləndirməsi əsasında müəyyənləşdirilməlidir. Layihənin məqsədi şəxsi təcrübəni artıq sübut olunmuş müalicə metodu kimi təqdim etmək deyil. Əsas niyyət sənət və ailə yaradıcılığı vasitəsilə əldə edilmiş təcrübənin elmi araşdırılmasına maraq yaratmaq, onun potensialını mütəxəssislərlə müzakirə etmək və gələcəkdə bu istiqamətdə tədqiqatların aparılması üçün imkanları nəzərdən keçirməkdir.
GƏLƏCƏK ƏMƏKDAŞLIQ ÜÇÜN YENİ İMKANLAR
Vaşinqton səfəri çərçivəsində müxtəlif mədəni və akademik mühitlərin nümayəndələri ilə qurulan əlaqələr gələcək əməkdaşlıq imkanlarının müzakirəsi baxımından da əhəmiyyət daşıyıb. Smithsonian Milli Təbiət Tarixi Muzeyinin Asiya Mədəniyyəti Tarixi Proqramının nümayəndəsi Pol Maykl Teylorun layihə ekspozisiyasına göstərdiyi maraq və sənət nümunələri ətrafında aparılan söhbətlər Azərbaycan tətbiqi sənətinin elmi və mədəni kontekstdə tanıdılması üçün yeni perspektivlər açıb. Eyni zamanda, sənət və mədəniyyət sahəsində fəaliyyət göstərən digər mütəxəssislərlə, o cümlədən Enrike Kabrera ilə qurulan əlaqələr gələcək təqdimatların, fikir mübadiləsinin və mümkün birgə təşəbbüslərin müzakirəsinə şərait yaradıb. The George Washington University Museum and The Textile Museum ilə bağlı təmaslar da Azərbaycan tətbiqi sənətinin muzey və universitet mühitində təqdimatı, maarifləndirici tədbirlər və ustad dərsləri kimi mümkün fəaliyyət istiqamətlərinin nəzərdən keçirilməsi üçün zəmin yaradır. Bu əlaqələrin inkişafı gələcəkdə konkret təşəbbüslərin formalaşmasına, milli-mədəni irsimizin daha geniş auditoriyaya çatdırılmasına və ailə-modeli art-terapiya təcrübəsinin elmi müstəvidə müzakirəsinə töhfə verə bilər.
MEDİA MƏKANINDA İŞIQLANDIRILMA
Vaşinqton mərhələsi Azərbaycan və xarici ölkələrin media resurslarında da işıqlandırılıb. Layihə və onun ayrı-ayrı təqdimatları barədə hazırlanmış və yayımlanmış materiallar müxtəlif auditoriyaların Azərbaycan tətbiqi sənəti, milli-mədəni irs və art-terapiya təşəbbüsü ilə tanış olmasına imkan yaradıb. Mövcud media reyestrinə əsasən, layihənin Vaşinqton mərhələsi ilə bağlı 38 media materialı qeydə alınıb. Bu göstəriciyə müxtəlif media resurslarında dərc olunan ayrıca materiallar və təkrar yayımlar da daxildir. Hər bir yayımın öz auditoriyasına çıxış imkanı yaratması layihənin informasiya əhatəsinin qiymətləndirilməsində nəzərə alınır.
MƏDƏNİ İRS, YARADICILIQ VƏ SOSİAL MƏSULİYYƏT
“Art-terapiya: Sağlamlığın və mədəniyyətin keşiyində” layihəsinin Vaşinqton mərhələsi milli-mədəni irsin təqdimatını, müasir tətbiqi sənət təcrübəsini və sosial məsuliyyət ideyasını bir araya gətirib. Layihənin müxtəlif mədəni platformalarda nümayişi Azərbaycan sənət ənənələrinin beynəlxalq mühitdə tanıdılması ilə yanaşı, tətbiqi sənətin insan və cəmiyyət həyatındakı rolunun müzakirəsi üçün də imkan yaradıb. Layihənin qarşıdakı mərhələlərində əsas diqqətin əldə olunmuş əlaqələrin inkişafına, milli-mədəni irsin beynəlxalq səviyyədə təbliğinin davam etdirilməsinə və ailə-modeli art-terapiya təcrübəsinin elmi araşdırılması üçün mümkün əməkdaşlıq istiqamətlərinin nəzərdən keçirilməsinə yönəldilməsi nəzərdə tutulur.
“Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım” İctimai Birliyinin İnformasiya Mərkəzi
visiontv.az