Qətərin baş nazirinin müşaviri və Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari münaqişənin həlli məqsədilə Vaşinqtonla razılaşma üçün Dohanın Tehrana 12 milyard dollar təklif etməsi barədə yayılan məlumatları təkzib edib.
O, bu barədə özünün "X" hesabında məlumat yayıb.
"Qətərin razılaşmanın təmini üçün İrana 12 milyard dollar təklif etdiyi barədə iddialar həqiqəti əks etdirmir. Bu cür şayiələri ABŞ-İran müqaviləsini pozmaq, həmçinin regionda gərginliyi azaltmağa və sabitliyi gücləndirməyə yönəlmiş diplomatik səylərə xələl gətirmək istəyən tərəflər yayırlar", - deyə açıqlamada qeyd olunub.
Xatırladaq ki, bazar ertəsi Məclisin (parlamentin) sədri Məhəmməd Baqir Qalibaf və xarici işlər naziri Abbas Əraqçının rəhbərlik etdiyi İran nümayəndə heyəti ABŞ ilə ehtimal olunan razılaşma barədə Qətərin hökumət başçısı və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdürrəhman əs-Sani ilə məsləhətləşmələr aparmaq üçün Dohaya səfər edib. "Reuters" agentliyinin məlumatına görə, ehtimal edilən müqavilə çərçivəsində İran aktivlərinin dondurulmadan çıxarılması məsələsini müzakirə etmək məqsədilə nümayəndə heyətinin tərkibinə İran Mərkəzi Bankının rəhbəri də daxil edilib.
visiontv.az