İranın baxımsız yolları yenə ölüm gətirdi. Qərbi Azərbaycanda bir ildə 757 nəfər yol qəzalarında öldü.
Gunaz TV-nin məlumatına görə, Güney Azərbaycanın Qərbi Azərbaycan bölgəsində ötən il qeydə alınan ölüm hallarında ən böyük pay yol-nəqliyyat qəzalarının payına düşüb.
Qərbi Azərbaycan Ədli Tibb İdarəsinin baş direktoru Musa Ədibfər açıqlamasında bildirib: “keçən il bölgədə yol qəzaları nəticəsində 757 ölüm halı qeydə alınıb. Onlardan 599-u kişi, 157-si isə qadındır.”
O əlavə edib ki, bölgədə ötən il ümumilikdə 1314 ölüm halı qeydə alınıb və ən çox ölüm səbəbi məhz yol qəzaları olub.
Musa Ədibfər bildirib: “Yol qəzalarından sonra ən çox ölüm halları 303 nəfərlə təbii ölümlər, 74 nəfərlə isə yanıq hadisələri ilə bağlı olub.”
Güney Azərbaycanda yolların təhlükəsizlik səviyyəsinin aşağı olması, yol infrastrukturunun illərdir baxımsız qalması və İranda istehsal olunan avtomobillərin təhlükəsizlik standartlarına cavab verməməsi yol qəzalarının artmasının əsas səbəbləri kimi göstərilir.
Bundan əvvəl Qərbi Azərbaycan Yol İdarəsi və Nəqliyyat Baş İdarəsinin keçmiş rəhbəri Əbdülhüseyn ƏliƏkbəri bölgədəki acınacaqlı yol vəziyyəti ilə bağlı demişdi: “Qərbi Azərbaycan ölkədə bir kilometr belə avtomagistralı olmayan yeganə bölgədir.”
Yol infrastrukturuna sistemli yatırımın olmaması və bölgələrin mərkəzi hakimiyyət tərəfindən uzun illər diqqətdən kənarda saxlanılması Güney Azərbaycanın müxtəlif şəhərlərində can itkilərinin artmasına səbəb olan əsas problemlərdən biri kimi qiymətləndirilir.
visiontv.az