Onun edamı dünyanı qəzəbləndirməli idi, amma ölümcül sükut hökm sürdü və hamı sanki bu hadisənin heç bir əhəmiyyəti yoxmuş kimi başqa mövzulara yönəldi.
Jerusalem Post-da dərc olunan təhlil, müəllif: İsraildə yaşayan jurnalist və yazıçı Rachel Avraham, 23 may 2026.
Gunaz TV-nin məlumatına görə, İranda insan haqları vəziyyəti ilə bağlı tənqidlərin artdığı bir vaxtda, Jerusalem Post qəzetində dərc olunan təhlildə Qərb mediası və beynəlxalq qurumların 24 yaşlı Güney azərbaycanlı türk qadın, uşaq evliliyinin qurbanı Hənifə Avandinin edamı qarşısında susması sərt şəkildə tənqid olunub və bu laqeydlik insan haqları məsələlərində ikili standartın nümunəsi kimi qiymətləndirilib.
İsraildə yaşayan jurnalist və yazıçı Rachel Avraham bu yazıda Hənifə Avandinin edamına toxunaraq bildirib ki, uşaq evliliyinin qurbanı olan və sənədləşdirilmiş psixoloji problemlərlə mübarizə aparan bu gənc qadın dünya miqyasında ciddi reaksiya olmadan edam edilib.
O, Qərb mediasının niyə bu hadisəyə diqqət yetirmədiyini sorğulayaraq yazıb ki, bu məsələ təkcə Qərb ictimaiyyəti üçün deyil, qadın haqları, azlıq haqları və insan haqları ilə maraqlandığını iddia edən hər kəs üçün önəmli olmalıdır.
Bu hesabatda insan haqları fəalı Türkan Bozkurt deyib: “Hənifə Avandi 19 aprel 2026-cı il sübh vaxtı Təbriz Mərkəzi Həbsxanasında edam edilib. O, 24 yaşlı, Güney azərbaycanlı və İran vətəndaşı idi. 17 yaşında ailəsi tərəfindən ağır əlilliyi olan bir kişi ilə evlənməyə məcbur edilmişdi. O, bu evlilikdən 11 ay sonra ərini öldürüb.”
Bozkurt əlavə edib: “Onun həbsxana həkimi doktor Davari çoxsaylı tibbi hesabatlarda qeyd etmişdi ki, Avandi ağır psixoloji problemlərdən əziyyət çəkirdi, daimi tibbi nəzarət altında idi və ədalətsiz şəraitdə saxlanılırdı; bu həkimin qeydə alınmış qiymətləndirməsinə görə, bu şərait ölüm hökmünə yol açmamalı idi.”
Hesabatda qeyd olunub ki, əgər belə bir hadisə dünyanın bir çox başqa ölkəsində baş versəydi, həmin şəxs edam edilmək əvəzinə psixoloji problemlərinin və uşaq evliliyi nəticəsində yaşadığı cinsi istismar travmasının müalicəsi üçün tibbi nəzarətə götürülərdi.
Yazının müəllifi vurğulayıb ki, bu gənc qadının edamı qlobal qəzəb dalğası yaratmalı idi, amma onun sözlərinə görə, dünya susmağa üstünlük verdi və diqqətini başqa mövzulara yönəltdi.
Türkan Bozkurt həmçinin bildirib: “Bu edam gizli şəkildə həyata keçirilib. İran hökuməti və məhkəmə sisteminə bağlı media orqanları bununla bağlı heç bir rəsmi açıqlama verməyib; bu isə daha geniş bir modelə uyğundur. Həmin modelə görə, azərbaycanlı, kürd və bəluç bölgələrində həyata keçirilən edamların təxminən 88 faizi rəsmi şəkildə elan edilmir.”
O davam edib: “Hənifə Avandi sadəcə bir ad deyil; onun ölümünə gətirib çıxaran şərait — uşaq evliliyi, məcburi nikah, münasibətdən çıxa bilməmək, ölüm qərarını ərinin ailəsinə verən hüquq sistemi və həbsxana həkiminin etirazlarının hüquqi qüvvəsinin olmaması — istisna deyil, bu sistemin işləmə mexanizmidir.”
Hesabatın başqa hissəsində sosioloq Sevil Süleymani vurğulayıb ki, Hənifə Avandinin işi istisna deyil.
O deyib: “Bundan əvvəl də Rahilə Zəmani işi vardı və o da edam edilmişdi. Hənifə, uşaqlıqda məcburi evliliyə sürüklənən, daha sonra isə boşanma qarşısında struktur maneələrlə üzləşən qadınlardan sadəcə biridir.”
Süleymani əlavə edib: “Bu qadınların çoxu bir neçə struktur ayrı-seçkiliyin kəsişməsində yaşayır; gender bərabərsizliyi, etnik marginallaşma və sinfi məhrumiyyət bunların başında gəlir. Onların çoxunun təhsilə, hüquqi resurslara və sosial dəstəyə çıxışı məhduddur. Xüsusilə fars dilini zəif bilən qadınlar üçün dil maneələri hüquq sistemində özlərini müdafiə etməyi daha da çətinləşdirir.”
O davam edib: “Eyni zamanda ailə və cəmiyyət daxilində məişət zorakılığı və məcburiyyət normallaşdırılıb, qadınların qaçış yolları son dərəcə məhduddur. Dövlət müdaxilə etdikdə isə əksər hallarda qoruyucu deyil, cəzalandırıcı vasitə kimi çıxış edir.”
Türkan Bozkurt da oxşar hallara toxunaraq deyib: “Avandi işi sənədləşdirilmiş bir modelin içindədir; uşaqlıqda məcburi evləndirilən, zorakı və ya məcburi həyat yoldaşını öldürən, daha sonra isə qisas qanunları əsasında edam edilən qadınlar.”
O, Rana Fərəc Oğlu işinə toxunaraq bildirib: “16 yaşında məcburi evləndirilən 24 yaşlı Rana Fərəc Oğlu 2025-ci ilin dekabrında Təbriz Mərkəzi Həbsxanasında edam edilmişdi; bu, Avandinin edamından cəmi dörd ay əvvəl baş vermişdi.”
Bozkurtun sözlərinə görə, 2025-ci ildə insan haqları təşkilatlarının sənədləşdirdiyi qadın edamlarının təxminən 44 faizi həyat yoldaşını və ya nişanlısını öldürmək ittihamı ilə həyata keçirilib; bu işlərdə ortaq cəhətlər uşaq evliliyi, məişət zorakılığı, təcavüz, hüquqi çıxış yolunun olmaması və ölüm cəzasıdır.
Yazının sonunda müəllif qadın haqları və insan haqları müdafiəçisi olduğunu iddia edən qurum və hərəkatların susqunluğunu sorğulayaraq bu cür hallarda niyə effektiv reaksiya verilmədiyini sual edib.
visiontv.az