Ziyanlı vərdişlər: Qumar asılılığı
Ziyanlı vərdişlər: Qumar asılılığı
02.06.2022 MEDİA Tərəfindən

Vikipediyada qumar asılılığı ludomaniya (oyun asılılığı) adlanır, qumar oyunlarından patoloji asılılıq, yəni müstəqil ayrıla bilməmək kimi təsvir edilir və hətta sosial, peşəkar, ailəvi dəyərlərin itirilməsi ilə nəticələndiyi bildirilir.

Xüsusi olaraq qeyd edilir ki, son dövrlərdə dünyanın bir çox yerində kazinoların açılması, qumar avtomatlarının (“təkqol bandit” və s.) yayılması bu asılığı daha da genişləndirir. Buna görə də, aparıcı qərb ölkələrində qumar asılılığı artıq çox təhlükəli sosial problem hesab edilir və qarşısının alınması yolları müzakirə edilir. Asılılığın bu qədim forması müasir dövrdə çox geniş yayılsa da, onun da statusu hələlik qeyri-rəsmidir. Belə ki, qumar asılılığı da internet asılılığı kimi psixi xəstəliklər təsnifatına daxil edilməmişdir.
Mütəxəssislər deyir ki, qumar asılılığını ilk növbədə insanın maniakal qumar həvəsindən fərqləndirmək lazımdır. Maniàkal həvəs insan qəflətən qeyri-adekvat şəraitə düşdükdə, sosial öhdəliklərindən imtina etdikdə, öz taleyinə tam etinasızlıq hiss etdikdə, məsələn türmədə, yarana bilər. Obrazlı desək, bu allergiya kimidir və allergeni aradan qaldırdıqda, dərhal keçir. Qumar asılılığı isə, sözün əsil mənasında, patologiyadır, bu zaman asılıq getdikcə artır, insan hətta sosial statusunu və sağlamlığını itirir, amma geri çəkilmir. çünki çəkilə bilmir, oynamaq, udmaq həvəsi imkan vermir... Məsələn, insanlar dayanmadan sutkalarla qumar oynaya və minlərlə pul (hətta borca girməklə) uduza bilərlər. Bu zaman onların yadına hətta yemək və yatmaq da düşmür, yalnız su, ya pivə içməklə kifayətlənirlər...

Qumar asılığığına düşən insan sağlamlığından əvvəl normal məntiqi duşuncəsini, yəni reallıq hissini itirməyə başlayır. Məşhur kəlamda deyildiyi kimi, Allah adamı vuranda əvvəl ağlını başından alır. Qumar aludəçisi, bir qayda olaraq, uduşları öz qabiliyyəti, qisməti kimi dəyərləndirir, uduzduqlarını isə kənar səbəblərlə, məsələn, zərin “it sümüyü” olması, yaxud da kartın “mast” gəlməməsi ilə izah edir. Bu zaman oyunçu elementar məntiqdən çıxış edir və səhv edir, çünki, qumar oyunlarının məntiqi daha mürəkkəbdir. Məsələn, kart 5 dəfə, on dəfə “mast” gəlmirsə, ya zər “şeş” vermirsə, oyunçu hesab edir ki, 11-ci dəfə mütləq onun bəxti gətirəcək. Amma təcrübə göstərir ki, hətta oyun “şuler”siz aparılsa belə (bir qayda olaraq, istisna olunur), kart yüz, hətta min dəfə “mast” gəlməyə bilər və zər “şeş” verməyə bilər. Siz isə oyunçunun vəziyyətini təsəvvür edin, axı qumarı “konfet kağızı” ilə oynamırlar...
Nə qədər qəribə olsa da, qumar aludəçisi oyun zamanı öz imkanlarına deyil, öz bəxtinə “stavka” etməyə başlayır. Məsələn, dünyada heç kəsi, hətta qumar azarkeşini də Qarri Kasparovla (yeri gəlmişkən, erməni deyil, yəhudidir) pulla şahmat oynamağa məcbur etmək olmaz. Hamı yaxşı bilir ki, Kasparov peşəkar şahmat ustasıdır və onunla oyunda uduş ehtimalı sıfra bərabərdir. Amma qumar oyunlarında hətta bu da yaddan çıxır. 90-cı illərin əvvəllərini yəqin xatırlayırsız, maşın, paltar, hətta meyvə bazarlarında “üskük fırladanlar” at oynadırdılar. Və nəinki qumar aludəçiləri, hətta “üskük” oyunundan qətiyyən başı çıxmayan adi insanlar həvəslə bu oyuna girişir, pul udmaq istəyirdilər. Amma oyun təmiz aparılsaydı belə (təcrübədə istisna olunur), adi insanların peşəkarlardan pul udmaq şansları sıfra bərabər idi.

Axı, məntiq həmin məntiqdir, faktiki olaraq, Kasparovla pulla şahmat oynamaq deməkdir.

Maraqlıdır, qumar aludəçiləri daha çox kimlər olur, yaxud risk qrupuna kimlər daxildir? Araşdırmalar göstərir ki, əsas risk qrupuna təxminən 30 yaşlı, tək yaşayan kişilər daxildir. Yəni kişilərdə qumar asılılığı daha erkən başlayır və 30 yaşında pik nöqtəsinə çatır. Qadınlarda isə təhlükəli dövr 30-dan sonra başlayır və 40 yaş ən təhlükəli sayılır. Qeyd etmək lazımdır ki, qumar asılılığı olan insanların 30-40 faizi sair asılılıqlardan, məsələn nikotindən, alkoqoldan əziyyət çəkir. Qumar oynayanların yalnız 5-10 faizi aludəçiyə, 2-3 faizi isə müalicəsi olmayan xəstəyə çevrilir. Bəs insanı bu təhlükəli yola aparan nədir? Mütəxəssislər deyir ki, bu yolun başlanğıcı ilk oyunlarda təsadüfən udulan (deyirlər, qumarda xamın bəxti gətirir!), ya “loxa avans” kimi buraxılan pullar da ola bilər, boşanma və işdən çıxarılma kimi şəxsi uğursuzluqlar da. Sonra isə uduzma dövrü başlayır və insan düşdüyü vəziyyətdən çıxa bilmir. İlk zamanlar məqsəd var (deməli, hələ istifadəçisiz), uduzduqlarınızı geri qaytarmaq istəyirsiz, özünüzü hər şeydən təcrid edir, az qala bütün vaxtınızı qumara sərf edirsiz. Amma aylar keçir, borclar artdıqca, asılılıq da artır və məqsəd itir (artıq aludəçisiz), qumar az qala həyat tərzinə çevrilir.

Bəs, insanın qumardan asılılığını, istifadəçi, ya aludəçi olduğunu necə təyin etmək olar? Təbii ki, bunun üçün müəyyən testlər və sorğular var. Bu sahədə SOGS (South Oaks Gamblings Screen - Cənubi Palıdlar Azart Oyunları) şkalası daha uğurlu hesab edilir. Bu şkala ilə insan özü-özünü də yoxlaya bilər. Yazının yer, oxucunun vaxt məhdudiyyətini nəzərə alıb, şkalanı tam vermirik, əsas 7 sualla kifayətlənirik: Siz pulunuz qurtarana kimi oynayırsızmı; Siz daim özünüz üçün təyin etdiyiniz uduzmaq limitini artırırsınızmı; Pulunuz qurtarandan sonra borca oynayırsınızmı; Qumar borcunuzu qaytarmaq üçün oğurluq etmək ağlınıza gəlibmi; Siz daima oyun haqqında fikirləşirsizmi; Oynamayanda qanınız qaralırmı, kefiniz pozulurmu; Siz uduzduqlarınızı qaytarmaq, ya oynamaq xatirinə oynayırsız?

Əsas sualımız isə budur: Bu ziyanlı vərdişdən can qurtarmaq mümkündürmü və bunun üçün nə etmək lazımdır? Mütəxəssislərin fikrincə, yuxardakı 7 sualın hamısına müsbət cavab verənlər artıq aludəçilərdir. Yarısına müsbət cavağ verənlər isə, istifadəçilərdir və qumardan can qurtarmaq şansları hələ qalır.

(Ardı olacaq...)

Qalib Arif
Visiontv.az