İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın qızının Türkiyənin İstanbul şəhərində iki apartman alması barədə məlumat yayılıb.
Bu haqda Türkiyənin TGRT televizyası məlumat yayıb.
Məlumata görə, Qalibafın qızı İstanbulun ən bahalı yerlərindən sayılan Maslak-da iki mənzilə ümumilikdə 20 milyon lirə verib.
TGRT-nin bildirdiyinə görə, həmin bölgədə olan 1500 mənzillik bahalı binaların 500-nü İran rəsmiləri və onların ailələri alıb.
Bununla yanaşı adı açıqlanmayan iranlı nazir və oğlunun da İstanbul boğazı bölgəsində ən bahalı binada 21 mənzil aldıqları qeyd olunub.
"Milyonlarla azərbaycanlının da yaşadığı İranda yoxsul xalqıdan oğurlanmış pulların qaçaq yollarla Türkiyəyə köçürülməsi və burada mülklərə yatırılmasına kimlər şərayit yaradır? Bunun cavabını siz verin!",- TGRT ana xəbər aparıcısı Ekrem Açıkel verilişi yekunlaşdırıb.
Qeyd edək ki, Məhəmməd Baqir Qalibaf, sanksiyaların ağırlığını azaltmaq üçün vətəndaşları ən çox qənaət etməyə çağıran İran rəsmilərindəndir.
visiontv.az