Zərif: “Səudiyyə Ərəbistanını təhdid saysaq, o, bizim üçün riskə çevriləcək”
13.10.2026

İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif İranla Səudiyyə Ərəbistanı arasında düşmənçiliyin davam etməsində tərəflərin bir-birini təhdid kimi qəbul etməsinin rol oynadığını bildirib.

Zərifin sözlərinə görə, İran Səudiyyə Ərəbistanını təhdid kimi görərsə, bu yanaşma iki ölkə arasındakı münasibətlərdə qarşıdurmanı gücləndirir. Eyni vəziyyət Səudiyyə Ərəbistanının İrana münasibətində də özünü göstərir. O vurğulayıb ki, düşmənçilik üzərində qurulan düşüncə tərzi keçmişdəki problemlərin geridə qalmasına mane olur və eyni hadisələrin təkrarlanmasına şərait yaradır.

Keçmiş nazir cümə namazları zamanı Səudiyyə Ərəbistanına qarşı səsləndirilən şüarları da tənqid edib. Zərif qeyd edib ki, bu gün Səudiyyə Ərəbistanına qarşı sərt mövqe sərgiləyənlər gələcəkdə İranın ali rəhbərinin həmin ölkənin müdafiə naziri ilə eyni masa arxasında otura biləcəyini nəzərə almalıdırlar.

visiontv.az