İran ya Vaşinqtonun şərtlərini qəbul edəcək, ya da mövcudluğunu itirəcək
13.10.2026

ABŞ Prezidenti Donald Tramp İranla müharibənin tezliklə başa çatacağı barədə danışıb və İran İslam Respublikasını ya Vaşinqtonun şərtlərini qəbul edəcəyi, ya da mövcudluğunu itirəcəyi ilə hədələyib.

Nyu-York ştatında oktyabrın 8-də danışan ABŞ lideri yaxın zamanlarda İranla müharibəni və Rusiyanın Ukraynaya qarşı müharibəsini həll edəcəyini və ya udacağını bildirib. AzadlıqRadiosunun Fərda xidməti yazır ki, Tramp çıxışında İran müharibəsini tez bitirəcəyini söyləyib:

“Bu müharibə hansı formada olmasından asılı olmayaraq, çox tez bitəcək: ya onlar hər şeyi bizə verəcəklər, ya da mövcudluqlarını itirəcəklər”.

ABŞ prezidenti həmçinin iki müharibənin nizamlanmasının sürətlə aparıldığını desə də danışıqlar və ya konfliktlərin necə bitirəcəyinə dair hər hansı detal verməyib.

Tramp bundan öncə də İranın hərbi dəniz və hava hücumundan müdafiə qüvvələrini məhv etdiklərini dəfələrlə deyib. Lakin “Jerusalem Post” qəzeti onun bundan öncə Ağ Evdə çıxışı zamanı İrana ABŞ-dakı aralıq seçkilərindən öncə daha bir hərbi hücum edəcəklərini açıqladığını yazıb.

İranla müharibə bu ilin fevralından davam edir. Tərəflər arasında gərginlik Hörmüz boğazından neft daşınmasına kəskin təsir edib. Nəticədə dünya bazarlarında neftin qiyməti 90-100 dollar aralığına qədər yüksəlib.

visiontv.az