Yaxın Şərq gərginliyi dünya şirkətlərinə 25 milyard dollar zərər vurub
18.05.2026

ABŞ və İsrailin İranla münaqişəsi dünya üzrə şirkətlərə ən azı 25 milyard dollar zərər vurub və bu rəqəm artmaqda davam edir.

Bu barədə  "Reuters" agentliyinin təhlil materialında bildirilib.

Məlumata görə, münaqişənin başlanmasından bəri  ABŞ, Avropa və  Asiya birjalarında qeydiyyatdan keçmiş şirkətlərin korporativ bəyanatlarının təhlili vəziyyətin ciddiliyini nümayiş etdirir. İranın Hörmüz boğazına nəzarət etməsi səbəbindən müəssisələr enerjidaşıyıcılarının qiymətlərinin kəskin artması, tədarük zəncirlərinin qırılması və ticarət marşrutlarının pozulması ilə mübarizə aparırlar. Araşdırmalar göstərir ki, azı 279 şirkət müharibəni maliyyə itkilərini azaltmaq üçün qiymət artımı və istehsalın ixtisarı kimi tədbirlər görməyə məcbur edən əsas səbəb kimi göstərib. Digər şirkətlər isə divident ödənişlərini və ya səhmlərin geri alınmasını dayandırıb, işçilərini ödənişsiz məzuniyyətə göndərib, yanacaq dotasiyaları və ya təcili dövlət dəstəyi üçün müraciət ediblər.

"Whirlpool" şirkətinin baş direktoru Mark Bitçer bildirib ki, sənayedəki bu geriləmə səviyyəsi qlobal maliyyə böhranı dövründə gördüklərinə bənzəyir və hətta digər tənəzzül dövrlərindən daha yüksəkdir. Onun sözlərinə görə, vəziyyət o yerdədir ki, istehlakçılar məhsulları dəyişdirməkdənsə, onların təmirinə daha çox üstünlük verirlər.

Məişət texnikası istehsalçısı bu vəziyyətdə tək deyil. Bu plana "Procter & Gamble", "Toyota" kimi şirkətlər daxildir ki, onlar da artan zərərlər barədə xəbərdarlıq edirlər. Məqalə müəllifləri qeyd edirlər ki, dünyanın ən mühüm enerji mərkəzi olan Hörmüz boğazının İran tərəfindən bağlanması neftin bir barelinin qiymətinin 100 dolları keçməsinə səbəb olub ki, bu da müharibədən əvvəlki dövrlə müqayisədə 50%-dən çox artım deməkdir. Bağlanma nəqliyyat xərclərinin artmasına, xammal tədarükünün azalmasına və malların daşınması üçün həyati əhəmiyyət daşıyan ticarət yollarının kəsilməsinə gətirib çıxarıb. Gübrə, helium, alüminium, polietilen və digər vacib komponentlərin tədarükünə ciddi ziyan dəyib.

Agentliyin apardığı sorğuda iştirak edən şirkətlərin beşdəbiri - kosmetika və şin istehsalçılarından tutmuş yuyucu vasitə istehsalçılarına, kruiz operatorlarına və aviaşirkətlərə qədər - müharibə səbəbindən maliyyə itkiləri ilə üzləşdiklərini bildirib. Bu şirkətlərin əksəriyyəti, onsuz da, enerji qiymətlərinin yüksək olduğu Böyük Britaniya və  Avropada, təxminən üçdə biri isə  Asiyada yerləşir ki, bu da həmin regionların Yaxın Şərq neft məhsullarından nə dərəcədə asılı olduğunu göstərir. Vəziyyət, demək olar ki, tariflərlə eynidir. Müəlliflər müqayisə üçün qeyd ediblər ki, ötən ilin oktyabr ayına qədər yüzlərlə şirkət  ABŞ  Prezidenti Donald Trampın tətbiq etdiyi rüsumlar səbəbindən 35 milyard dollardan çox zərər çəkdiyini açıqlamışdı.

Müharibə ilə əlaqədar kəmiyyətcə ölçüləbilən xərclərin ən böyük hissəsi (təxminən 15 milyard dollar) aviaşirkətlərin payına düşür. Çünki aviasiya yanacağının qiyməti, demək olar ki, iki dəfə artıb. Problem uzandıqca, digər sektorlardan olan daha çox şirkət həyəcan təbili çalır. Yaponiyanın "Toyota" şirkəti 4.3 milyard dollar həcmində zərər riski barədə xəbərdarlıq edib, "P&G" isə vergilərdən sonrakı mənfəət itkisini 1 milyard dollar olaraq qiymətləndirib.

Fastfud nəhəngi  "McDonald's"da verdiyi açıqlamada bildirib ki, şirkət davam edən tədarük zənciri problemlərinə görə uzunmüddətli xərclər inflyasiyasının artacağını gözləyir. Almaniyanın şin istehsalçısı "Continental" ikinci rübdə neft qiymətlərinin kəskin artması və xammalın bahalaşması səbəbindən ən azı 100 milyon avro zərər ediləcəyi gözlənilir. "Continental" şirkətinin icraçı direktoru Roland Veltsbaxer bu ayın əvvəlində qeyd edib ki, bu vəziyyətin şirkətin gəlir və zərərlər hesabatına təsir etməsi üçün üç-dörd ay vaxt lazımdır. "Böyük ehtimalla bu, ikinci rübün sonunda bizə təsir edəcək və ilin ikinci yarısında özünü tam şəkildə büruzə verəcək", - deyə o bildirib.

Birinci rübdə korporativ mənfəətlər yüksək səviyyədə qalıb və bu da enerji qiymətlərinin artmasına və inflyasiya qorxuları fonunda istiqraz gəlirliliyinin yüksəlməsinə baxmayaraq, S&P 500 kimi əsas indekslərin niyə yeni rekordlara çata bildiyini qismən izah edir.

visiontv.az