2019-cu ildən İstanbul Böyük Şəhər Bələdiyəsinin sədri kimi fəaliyyət göstərən Əkrəm İmamoğlunun həbsdə olduğu müddətdə CHP növbədənkənar qurultay keçirdi.
Özgür Özel yenidən CHP-nin başqanı seçildi. Məntiqlə CHP Əkrəm İmamoğlunu başqan seçməklə Türkiyəni erkən prezident və parlament seçkisinə apara bilərdi. Ancaq Özgür Özəl öz əlinə oynadı. Nəticədə erkən seçki ehtimalı gündəmdən çıxdı. Əkrəm İmamoğlunun siyasi taleyi qeyri-müəyyənliyə yuvarlandı.
Türkiyədə erkən seçki keçirilməsi üçün ya prezident sərəncam verməlidir, ya da iqtidarda olan Cumhur İttifaqı parçalanmalıdır. Ancaq MHP liderinin birmənalı mövqeyi belədir ki, seçki vaxtında, yəni 3 il sonra keçiriləcək.
Son qurultayda Kemal Kılıçdaroğlu öz namizədliyini irəli sürmədi. Bəziləri hesab edir ki, bununla da Kemal Kılıçdaroğlu erası bitdi. Ancaq nəzəri baxımdan Kemal Kılıçdaroğlunun CHP başqanı olması mümkündür. Bunun üçün məhkəmə prezident seçkisindən az sonra CHP-nin keçirdiyi konqresdə yeni başqan seçilmiş Özgür Özəlin xeyrinə səslərin pulla satın alınmasını rəsmən təsdiq etməlidir. Ancaq Kemal Kılıçdaroğlunun geri dönməsini təmin etmək üçün təmənnalı səslərinin sayı son dərəcə önəmlidir. Məsələn, 5-10 təmənnalı səs məhkəmədə təsdiq olunsa belə Özgür Özəl öz yerində qalacaq. Ancaq təmənnalı səslərin sayı 20-25 olsa, Kemal Kılıçdaroğlu geri qayıda bilər. Bir daha vurğulayıram ki, bu, nəzəri baxımdan mümkündür...
Türkiyəli siyasi ekspertlərdən biri deyir ki, Kemal Kılıçdaroğlu 2023-cü ildə prezidentliyə namizəd olanda buna etiraz edənlər çox oldu. Ancaq Özgür Özəl Kemal Kılıçdaroğlunun namizədliyinin qeydə alınmasını sevinc göz yaşları ilə qarşıladı. İndi isə Kemal Kılıçdaroğlu öz əli ilə yaratdığı Özgür Özəl tərəfindən sıradan çıxarıldı...
Böyük siyasət belədir. Xəyanət, intriqalar, qruplaşmalar...bir-birini əvəz edir.
Bu tərəfdən də Tayyib Ərdoğan deyib ki, CHP bizi dovşanmı sayır?
Bir maraqlı məqam da var: Ankara Büyükşehir Belediye başkanı Mansur Yavaş reytinq baxımından CHP-də Əkrəm İmamoğluna uduzurdu. Ancaq Türkiyə müstəvisində Mansur Yavaş Əkrəm İmamoğlunu geridə qoyurdu. MHP keçmişi olan Mansur bəyin CHP-dən prezidentliyə namizəd olacağı ağlabatan deyil. Böyük ehtimalla demək olar ki, CHP-nin namizədə Özgür Özəl olacaq. Mansur Yavaşın da seçkiyə qatılacağı gözlənilir. İndidən demək olar ki, CHP-də səslər parçalanacaq. Məntiqlə CHP Mansur Yavaşın namizədliyini irəli sürməlidir. Ancaq o, ideoloji baxımdan CHP-yə yaddır. Ona görə də Mənsur bəyə belə bir etimad göstərilməyəcək...
Növbəti seçkidə AKP-MHP ittifaqının vahid namizədi kim olacaq? Ümumiyyətlə, bu ittifaq davam edəcəkmi? Bu sualların cavabı bəlli deyil.
Bir çox siyasi analitiklər deyir ki, əgər AKP-MHP ittifaqı Hakan Fidanı namizədliyini müdafiə etsə, seçkidən yenidən qalib çıxa bilər. Ancaq Hakan Fidan kürd əsillidir, daha dəqiq desək atası kürd, anası isə türkməndir. MHP bu faktora göz yuma bilərmi? Məncə, MHP Hakan Fidanın namizədliyinə isti yanaşa bilər. Niyə? Çünki Türkiyə tarixində valideynlərindən biri kürd olan xeyli tanınmış siyasi lider olub. Məsələn, ortada Turqut Ozal nümunəsi var...
Əlbəttə, bütün bunlar nəzəri şeylərdir. 3 il siyasətdə son dərəcə böyük müddətdir. Çox şeylər dəyişə bilər...
Elbəyi Həsənli
visiontv.az