“Rəqəmsallaşan türk dünyası” vizyonunu mənimsəməyimiz böyük əhəmiyyət daşıyır.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə bildirib.
“Zirvəmizin süni intellekt və rəqəmsal inkişaf mövzusu ilə keçirilməsini çox doğru addım hesab edirəm. Gələcəyi formalaşdırmaq baxımından “rəqəmsallaşan türk dünyası” vizyonunu mənimsəməyimiz böyük əhəmiyyət daşıyır. Qaspıralının “dildə, fikirdə, işdə birlik” şüarına 115 il sonra indi “rəqəmsal vizyonda birlik” anlayışını əlavə etməyin vaxtı gəlib. Bu vizyon keyfiyyətli insan resursları, güclü rəqəmsal infrastruktur və məlumat əsaslı dövlət idarəçiliyi üzərində qurulmalı, aramızdakı rəqəmsal bağlantılar daha da gücləndirilməlidir. Ölkələrimiz arasında ortaq texnologiya layihələrinin hazırlanması bu vizyonu şübhəsiz dəstəkləyəcək. Rəqəmsal transformasiya prosesində geri qalmağın müstəqilliyimiz üçün də təhlükə yarada biləcəyinin fərqindəyik. Süni intellektin fərqli bir alətə çevrilməməsi üçün bu məsələyə düzgün yanaşmalı və onu fürsət pəncərəsi kimi qiymətləndirməliyik. Süni intellekt texnologiyalarının yaratdığı yeni risklərə qarşı da daim ayıq olmalıyıq. Məlumat bazalarımıza və kritik milli infrastrukturlarımıza yönələn yeni nəsil təhdidlər rəqəmsal transformasiyanın diqqətlə idarə olunmalı istiqamətlərindəndir. İnanıram ki, cəbr və alqoritmin banisi Xarəzmini, fəlsəfə və məntiqin dahilərindən Farabini, əsərləri ilə tibb elminə işıq tutan İbn Sinanı, astronomiya elminin öncülləri Biruni, Uluqbəy və Əli Quşçunu yetişdirən bu münbit torpaqlardan yeni alimlər də yetişəcək”, - deyə Türkiyə Prezidenti qeyd edib.
visiontv.az