“Razılaşma Türkiyəni mövcud beynəlxalq müttəfiqləri o cümlədən NATO qarşısındakı öhədlikləri ilə ziddiyyət təşkil etmir”, - deyə Türkiyə Dezinformasiya ilə Mübarizə Xidmətinin X hesabında yaydığı məlumatda yer alıb.
Xidmət yeni razılaşmaya qarşı tənqidləri əsassız ittiham və manipulyativ post deyə təqdim edib. Bu razılaşmanı xidmət NATO üzvlüyünə alternativ yox, regional təhlükəsizliyin dəstəklənməsi üçün əlavə mexanizm adlandırıb.
AzadlıqRadiosuna açıqlama verən Ər-Riyaddan olan analitik Məsud Alfak razılaşmanı regionun təhlükəsizlik arxitekturasının əsas inkişafı adlandırıb:
“Yaxın Şərqdəki müharibə yeni regional təhlükəsizlik mühiti yaradıb və inanıram ki, bu yeni mühit bu ittifaqın formalaşmasının əsas səbəblərindən biridir. Bu ölkələr inanırlar ki, onlar ümumi təhdidlə üz-üzədirlər və onlar düşünürlər ki, bu əməkdaşlıq çəkindirici güc ola bilər”.
Tərəflər razılaşma ilə bağlı hələlik detallı məlumat verməsələr də bundan öncə onların hökumətə yaxın medialarındakı analizlərdə Yaxın Şərqdə separatçılıq, terrorizmlə mübarizəyə birləşmək fikirləri dəfələrlə gündəmə gəlib. Bununla belə İran müharibəsinin başlanması ilə bir sıra dövlətlər uzun müddətdir təxirə saldıqları razılaşmaları yenidən gündəmə gətiriblər. Məsələn, keçən ay Küveyt iki ildən çoxdur təxirə saldığı Pakistan müdafiə əməkdaşlığı razılaşmasını ratifikasiya edib. Müharibə ərəfəsində isə 2025-ci ilin sentyabrında Səudiyyə Ərəbistanı və Pakinstan “Qarşılıqlı Strateji Müdafiə Razılaşması” imzalayıblar.
Pakistanın ABŞ-dəki keçmiş səfiri Hüseyn Haqqani isə deyib ki, Türkiyənin bu razılaşmaya qoşulması onun NATO-nu tərk etməsi demək deyil, əksinə bu, strateji elastikliyi və güc sövdələşməsinin artırılması üçün pararlel tərəfdaşlığa gətirib çıxara bilər.
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan avqustun 7-də Məkkədə birgə müdafiə paktına imza atıb. Bu pakta əsasən, bu ölkələrdən birinə hücum digərlərinə hücum kimi qiymətləndiriləcək. Ölkələr yaydıqları bəyanatda razılaşmanın heç bir tərəfə qarşı yönəlmədiyini bildiriblər.
visiontv.az